YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni dünya reallıqları və Azərbaycanın etibarlı strateji kursu

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Prezident İlham Əliyev martın 14-də “Euronews” televiziyasına müsahibəsində bir sıra vacib məqamlara toxunub. Azərbaycan Prezidenti, ilk növbədə, ölkəmizdə keçirilən XII Qlobal Bakı Forumunun bəşəriyyəti narahat edən düşündürücü məsələlər, qlobal proseslər barədə obyektiv dəyər verilməsində mötəbər kürsüyə çevrildiyini xatırladıb. Dövlət başçısı qeyd edib ki, dünyanın ictimai-siyasi elitasını, beynəlxalq təşkilatların rəhbərlərini, aparıcı beyin mərkəzlərini bir araya toplayan bu mötəbər platformada ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə müxtəlif fikir və mövqelər, fərqli yanaşmalar diqqətə çatdırılır. Bu da Forumun demokratik və azad fikir tribunası kimi əhəmiyyətini artırır.

Müsahibədə Prezident İlham Əliyev, əsasən son zamanlar gündəm məsələsi olan Azərbaycanla Ermənistan arasında imzalana biləcək sülh müqaviləsindən danışıb. Dövlət başçısı bildirib ki, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Ermənistanla sülh müqaviləmiz yoxdur: “Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”.

Azərbaycan və Ermənistan arasında baş verən müharibə və sonrakı proseslər fonunda regionda sülhün əldə edilməsi üçün mühüm addımların atılması zəruridir. Azərbaycan öz təhlükəsizliyini gücləndirmək üçün addımlar atmaqla yanaşı, geniş regional təhlükəsizliyi də dəstəkləyir. Regional təhlükəsizlik isə maraqlı tərəflərin əməkdaşlığını tələb edir. Sülhə sadiqlik və əməkdaşlıq, humanitar problemlərin həlli, iqtisadi inkişafın təşviqi və regional təhlükəsizliyin təmin edilməsi Azərbaycanın milli strategiyasının mühüm elementləridir. Azərbaycan Cənubi Qafqazın gələcəyinin formalaşmasında fəal rol oynamağa davam edir. Ölkəmizin sülh və əməkdaşlığa sadiqliyi daha sabit və çiçəklənən region vəd edir.

XII Qlobal Bakı Forumunun verdiyi əsas mesaj ondan ibarətdir ki, müasir dünyada sabitlik, qarşılıqlı etimad və ədalətə əsaslanan münasibətlər sistemi qurulmadan davamlı inkişaf mümkün deyil. Forum müxtəlif qitələrdən olan siyasi liderlər, ekspertlər və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə aktual çağırışlara dair geniş fikir mübadiləsinə zəmin yaratdı. Bu tədbir bir daha göstərdi ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal platformalar mühüm ideya və strateji baxışların formalaşmasında önəmli rol oynayır.

DİGƏR Xəbərlər Arxiv