YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Diplomatik etimad, regional təhlükəsizlik və dövlət suverenliyi

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın Cənubi Qafqazda lider dövlət kimi qətiyyətli mövqeyini və strateji hədəflərini bir daha ön plana çıxarıb. Bu müsahibədə xüsusilə XII Qlobal Bakı Forumunun əhəmiyyəti yüksək dəyərləndirilib. Dövlətimizin başçısı istər Forumda çıxışında, istərsə də televiziyaya verdiyi müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib və dünyanı narahat edən problemləri, bu problemləri yaradan səbəbləri faktlarla şərh edib.

Artıq dünya nizamı pozulub və onun yoluna qoyulması çətin proses olmaqla, bəşəriyyətin fəlakətlərdən qurtulması üçün çox vacibdir. Çünki beynəlxalq hüququn norma və prinsplərinə əməl olunmaması, dünya ölkələrinin hadisələrə ikili standartlardan yanaşması, bir çox hallarda beynəlxalq təşkilatların qərar və qətnamələrinin ələ alınmaması artıq bəşəriyyət üçün fəlakətə gətirib çıxarır. Azərbaycan da bunu öz timsalında uzun illər hiss edib və ağrılarını yaşayıb. Çünki torpaqlarımız 30 il işğal altında olduğu bir dövrdə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi olduğu halda erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altına saxlayıblar və şəhərlərimizi, kəndlərimizi talan ediblər, insanlarımıza olmazın əzablar veriblər.

Belə olan halda beynəlxalq aləm bu məsələlərə laqeyd yanaşıb, beynəlxalq hüquq normaları sayılmayıb və nəhayət Azərbaycan öz gücü və qüdrəti hesabına torpaqlarını işğaldan azad edib. Ancaq bundan sonra da bir çox dövlətlər Azərbaycanın bu haqlı mübarizəsinə kölgə salmağa çalışıblar və müəyyən təsirlər, təqiblər göstərilib.

Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. “Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var”.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunda çıxışı, həmçinin “Euronews” televiziyasına verdiyi müsahibədə Cənubi Qafqaz regionunda dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasında yaranmış maneələrin əsas səbəbləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Azərbaycan zərərçəkən tərəf kimi, məruz qaldığı etnik təmizləmə, işğal siyasəti, soyqırımı, ekosid, urbisid kimi cinayətləri unutmayacaq. Bu səbəbdən əslində Ermənistana etimad səviyyəsi sıfıra bərabərdir. Dövlət başçısının “Euronews” televiziyasına verdiyi müsahibəsi həm gələcək fəaliyyət üçün proqram xarakterli mühüm sənəd, həm də Azərbaycanın qüdrətli dövlət kimi prinsipial mövqeyinin bəyan edilməsidir.

DİGƏR Xəbərlər Arxiv