YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya artıq bu reallığı qəbul etməlidir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq siyasətində yeni reallıqlar və strategiyalar baxımından mühüm məqamları ortaya qoyur. XII Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev bu tədbirin dünyanın müxtəlif bölgələrindən dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin, ekspertlərin və ictimai xadimlərin qlobal problemlər ətrafında müzakirə apardığı vacib platforma olduğunu qeyd edib.

Prezident İlham Əliyev beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklərin baş verdiyini və artıq mövcud dünya nizamının keçmişdə qaldığını bəyan edib. Yeni qaydaların müəyyən edilməsi prosesi gedir və ölkələr öz daxili güclərinə, resurslarına və ikitərəfli münasibətlərə daha çox önəm verməlidirlər. Beynəlxalq təşkilatların əksəriyyəti ya öz zəifliyini nümayiş etdirir, ya da tamamilə iflic vəziyyətindədir. Azərbaycan bu yeni dövrün çağırışlarına cavab verərək, müstəqil siyasət yürüdür və beynəlxalq təsirlərdən asılı olmadan milli maraqlarını təmin edir.

Azərbaycanın bu strategiyası özünü doğruldub. Prezident İlham Əliyev ölkələrin öz talelərinin sahibi olmalı olduğunu, xarici yardımlara bel bağlamanın uzunmüddətli perspektivdə zəifliyə gətirib çıxardığını vurğulayıb. Bu prinsipial mövqe Azərbaycanın Qarabağ məsələsində uğurla öz ərazi bütövlüyünü təmin etməsində mühüm rol oynayıb.

Prezident İlham Əliyev Cənubi Qafqazın uzun müddət qarşıdurma və gərginlik bölgəsi olduğunu qeyd edərək, bu vəziyyətin dəyişməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Regionda uzunmüddətli sabitlik yalnız hərtərəfli sülh sazişi imzalandıqdan sonra təmin edilə bilər. Azərbaycanın strateji məqsədi bölgədə təhlükəsizliyi və qarşılıqlı əməkdaşlığı gücləndirməkdir.

Tarixən Cənubi Qafqaz ölkələri arasında müəyyən təmaslar olub, lakin müstəqillik dövründə bu əlaqələr ciddi sınaqlarla üzləşib. Ermənistanın destruktiv siyasəti və separatçı meyilləri regionda sülhə əsas maneə olub. Bununla belə, Azərbaycan müharibədən sonra yeni reallıqlar yaradaraq, sülh gündəliyini irəli sürməkdə davam edir. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin də bu reallıqları qəbul etməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Azərbaycanın xarici təsirlərdən asılı olmadan müstəqil siyasət yürütməsinin uğurlu nəticələr verdiyini qeyd edib. Azərbaycanın milli maraqlarını qorumaq üçün heç bir beynəlxalq təsisata kor-koranə etibar etmədiyini bildirib. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə və Afrikada davam edən qeyri-sabitlik fonunda, hər bir ölkə anlamalıdır ki, yalnız daxili gücə və milli strategiyaya əsaslanmaqla dayanıqlı inkişaf mümkündür.

Azərbaycanın bu siyasəti, ilk növbədə, iqtisadi və hərbi gücünü artırmaqla yanaşı, müstəqil xarici siyasət kursu yürütməkdir. Prezident İlham Əliyev Azərbaycanın öz resurslarına güvənərək, suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini, hazırda isə gələcəyini özü müəyyənləşdirdiyini vurğulayıb.

Prezident İlham Əliyev dünya miqyasında baş verən geosiyasi dəyişikliklərə toxunaraq, xüsusilə Qərb və Rusiya arasında münasibətlərin gərginləşdiyini, Yaxın Şərqdə yeni münaqişə ocaqlarının meydana çıxdığını və ümumiyyətlə, beynəlxalq münasibətlərdə qeyri-müəyyənliyin artdığını vurğulayıb.

Qlobal siyasətə təsir göstərən əsas amillərdən biri də ABŞ administrasiyasının siyasətidir. Prezident İlham Əliyev ABŞ-ın əvvəlki administrasiyası dövründə Azərbaycanla münasibətlərin qeyri-müəyyən xarakter daşıdığını, lakin Tramp administrasiyası dövründə bu münasibətlərin yenidən qurulması üçün daha əlverişli şərait yarandığını qeyd edib. Müxtəlif ölkələrin maraqları fərqlidir və bu fərqlər beynəlxalq müzakirələr zamanı açıq şəkildə üzə çıxır.

Prezident İlham Əliyev beynəlxalq arenada sabitliyə nail olunmasının çətinliyinə toxunaraq, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, Azərbaycan və Ermənistan arasında hələ də sülh sazişinin imzalanmadığını qeyd edib. Regionda tam sabitlik yalnız bu saziş imzalandıqdan sonra təmin edilə bilər.

Eyni yanaşma dünyanın digər bölgələrinə, xüsusilə Yaxın Şərq və Afrikaya da şamil edilir. Təəssüf ki, bu regionlarda münaqişələrin sayı artır və onların həlli üçün effektiv mexanizmlər mövcud deyil. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin beynəlxalq hüquq və tarixi ədalət əsasında həll olunduğunu, dünya ictimaiyyətinin artıq bu reallığı qəbul etdiyini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv