Xəbərlər
Hər bir çağırış sülhün, təhlükəsizliyin təmin edilməsinə yönəlib

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Martın 13-dən 15-dək davam edən XII Qlobal Bakı Forumunun nəticələri bu gün geniş müzakirə edilməkdədir. Qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilən Qlobal Bakı Forumunun bu günədək gündəmə gətirdiyi mövzulara diqqət yetirdikdə bir daha bu reallıq öz təsdiqini tapır ki, dünya gündəliyinin aktual məsələlərinin müzakirəsi üçün Azərbaycan ideal məkan kimi qəbul olunur. Təbii ki, bu mühüm qərarın qəbul olunmasında dövlətimizin uğurlu siyasəti və onun yaratdığı reallıqlar əhəmiyyətli rol oynayır. Ötən il XI Qlobal Bakı Forumunun mövzusu “Parçalanmış dünyanın bərpası” idisə, builki Forum “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusu ətrafında müzakirələr apardı. Müzakirələr əsasında dünya güclərinin ikili standartlara əsaslanan siyasətlərinin hansı problemlərə yol açdığı da açıqlandı, çağırışlar səsləndirildi. Dövlət başçısı İlham Əliyev çıxışında diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək bildirdi ki, mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi. BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı. Burada mühüm meyara gəlib çıxırıq ki, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün siz gücdən istifadə etməlisiniz. Bu gün bunu görürük. Görürük ki, Avropa, Avropa İttifaqı güclü hərbi potensial qurmaq üçün bu gün öz siyasətini necə dəyişməyə çalışır. Görürük ki, digər ölkələr öz resurslarını hərbi potensialına və infrastrukturunun qurulmasına yönəldir: “Bunu ən azı 20 ilə etdik, 2005-ci ildən etibarən etdik və ərazimizi azad edən, separatçılığa, separatçılara son qoyan güclü ordu yaratdıq. Bir sözlə, bu gün ərazi bütövlüyü və suverenliyin tam bərpası nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən beynəlxalq ədaləti nümayiş etdirir. Eyni zamanda, əlbəttə, artıq qeyd etdiyim kimi, yaddaşımız yaxşıdır. Hamımız xatırlayırıq ki, İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın cari hökuməti özünü necə aparırdı. Hamımız “Qarabağ Ermənistandır” söyləyən Ermənistan rəhbərinin bəyanatlarını xatırlayırıq. Bu, Xankəndidə deyilmişdir. Hamımız işğal olunmuş Şuşa şəhərində onun davranışını xatırlayırıq”.
Cənab İlham Əliyev qeyd etdi ki, bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu: “Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər”.
Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı dövrün tələblərinə uyğun çağırışlarla, dünyaya mesajları ilə zəngin olur. Azərbaycan 30 il dünya güclərindən ədalət gözlədi. İşğala məruz qalan Azərbaycan olduğu halda, işğalçı Ermənistana verilən dəstəklər onu daha böyük iddialarla yaşamasını şərtləndirdi. Azərbaycan ən yüksək tribunalardan ikili standartların yolverilməz olduğunu bəyan etdi. O da bildirildi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar mövcuddur, onların vahid mexanizm əsasında tətbiqi vaciblir. Lakin 30 illik işğal dövründə, eyni zamanda, postmünaqişə mərhələsində görünən budur ki, əksər dünya gücləri regionda sülhün və təhlükəsizliyin təmin olunmasında marqlı deyillər, Ermənistana dəstəkləri ilə vəziyyəti daha da gərginləşdirməyə çalışırlar. Bu dəstək sonda Ermənistanın yeni ərazilər uğrunda müharibə planları hazırlamasına və 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.
Forumda yeni dünya nizamının formalaşması ilə bağlı geniş müzakirələr aparıldı. Bununla bağlı çağırışlar dövlət başçısı İlham Əliyevin Forum zamanı “Euronews” televiziyasına müsahibəsində də xüsusi yer tutdu. Bildirdi ki, bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq.
Azərbaycanın regionda və dünya siyasətində artan rolu göz qabağındadır. Hər bir məsələnin həllində ölkəmizin mövqeyinə xüsusi önəm verilir. Bu da Azərbaycanın hər zaman ədalətin və beynəlxalq hüququn yanında olmasından irəli gəlir.