Xəbərlər
Braziliyanın EBC radiosunda Azərbaycan musiqisindən bəhs edən veriliş təqdim olunub
Braziliyanın EBC radiosunda bu ilin aprelində Rio-de-Janeyro şəhərində uğurla təşkil olunan Azərbaycan mədəniyyət həftəsi çərçivəsində Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Braziliya Simfonik Orkestrin “Qarabağ” muğam triosu ilə birgə konsertlərinə həsr edilən veriliş təqdim olunub.
Verilişin aparıcısı, Braziliya Simfonik Orkestrin bədii rəhbəri, braziliyalı bəstəkar Pablo Kastellar Azərbaycanın rəngarəng klassik musiqisi və zəngin muğam sənətindən bəhs edərək, ölkəmizin görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlovun yaradıcılıq fəaliyyəti barədə braziliyalı dinləyicilərə ətraflı məlumat verib. Onun sözlərinə görə, adıçəkilən Azərbaycan bəstəkarlarının əsərləri muğamla sıx bağlıdır və bu bağlantı Azərbaycan musiqi mədəniyyətinin özünəməxsusluğunu səciyyələndirən cəhətdir.
Eyni zamanda, P.Kastellar Azərbaycanın Xalq Artisti, dirijor Yalçın Adıgözəlov və “Qarabağ” muğam triosu (Xalq Artisti, xanəndə Mənsum İbrahimov, Əməkdar Artist, tarzən Elçin Həşimov, Əməkdar Artist, kamança ifaçısı Elnur Əhmədov) barədə danışıb, onların 2007-ci ildən etibarən bir çox xarici ölkələrdə həyata keçirdikləri simfonik muğam layihəsinin əhəmiyyətini qeyd edib.
Verilişdə Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “Azərbaycan kappriçiosu”, Vasif Adıgözəlovun “Qarabağ Şikəstəsi”, Asəf Zeynallının “Muğam sayağı”, Həsən Rzayevin “Cahargah stilində rapsodiya” və digər əsərlərdən parçalar səsləndirilib.
P.Kastellar Azərbaycan musiqisinə həsr edilən konsertin keçirilməsinin Braziliya ictimaiyyəti, həmçinin Braziliya Simfonik Orkestri üçün nadir təcrübə olduğunu vurğulayıblar.