YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyanada Azərbaycan və Avstriya arasında biznes imkanlarına həsr olunan toplantı keçirilib

Oktyabrın 16-da Vyanada Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) təşəbbüsü ilə Azərbaycan və Avstriya arasında işgüzar əlaqələrə həsr olunan toplantı keçirilib. Palatanın rəhbəri Qerald Qersthofer ənənəvi hal almış bu toplantıların hər iki ölkədə biznes mühiti və sahibkarlıq fəaliyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılmasında, işgüzar dairələr arasında əlaqələrin yaradılmasında mühüm rol oynadığını qeyd edib.

Sonra “Lansky, Ganzger+Partner” vəkillər kontorunun əməkdaşı Roland Frankl “Avstriyada sahibkarlıq fəaliyyətinin hüquqi aspektləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Avstriyada hüquqi şəxslər üçün mövcud normativlər, hər iki ölkədəki hüquqi bazanın sahibkarlar üçün təqdim etdiyi imkanlar, ikiqat vergitutmanın aradan qaldırılmasına dair saziş sayəsində mümkün perspektivlər haqqında məlumat verilib.

Təqdimatın ardınca Avstriya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran iqtisadi sahələr ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov ölkələrimiz arasında geniş əməkdaşlıq potensialı olduğunu qeyd edib. Bildirilib ki, Avstriya Mərkəzi Avropada nəqliyyat qovşaqları üzərində yerləşdiyi kimi, Azərbaycan da Avropa və Asiya arasında Şərq-Qərb və eləcə də Şimal-Cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Bu da ölkəmizə nəqliyyat və tranzit daşımalar üçün geniş imkanlar açır. Azərbaycanda inkişaf etdirilən dəmir yolu, avtomobil yolları şəbəkəsi və dəniz limanları həm sərnişin daşımalarının sayını artırmağa, xüsusilə də daha qısa zamanda və sərfəli şərtlər ilə ölkəmiz ərazisindən yük daşımalarını həyata keçirməyə şərait yaradacaq.

Səfir qeyd edib ki, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların yatırılması və biznes fəaliyyəti ilə məşğul olmaq üçün geniş imkanlar mövcuddur.

Görüşdə aparılan səmərəli fikir mübadiləsi nəticəsində yaxın gələcəkdə hər iki ölkənin iş adamlarının iştirakı ilə əvvəlcədən təyin edilmiş mövzu və sahələr üzrə biznes görüşlərin keçirilməsi qərara alınıb.