Xəbərlər
İkitərəfli münasibətlərdə yeni mərhələ: Şimali Makedoniya ilə siyasi dialoq dərinləşir

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafına yeni bir təkan verəcək. Azərbaycan Prezidentinin mətbuat bəyanatında qeyd etdiyi kimi, iki ölkə arasında siyasi əlaqələr artıq dinamik xarakter alıb və bu münasibətlərin inkişafı üçün bir sıra mühüm tədbirlər həyata keçirilməlidir.
Dövlətimizin başçısı Şimali Makedoniya Prezidentinin Azərbaycana ikinci dəfə səfər etməsindən məmnunluğunu bildirib və bu münasibətlərin inkişafı üçün fəal iş aparılacağını ifadə edib.
Səfər çərçivəsində diqqət çəkən digər məqam isə energetika sahəsində əməkdaşlıq məsələsidir. Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması bu əməkdaşlığın inkişafında mühüm bir addım olaraq qeyd olunub. Bu, Şimali Makedoniyanın enerji təhlükəsizliyini gücləndirmək və iqtisadiyyatını daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi də Azərbaycanın enerji sahəsində mövqeyini gücləndirir.
Prezident İlham Əliyev bəyanatında deyib: “Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”.
Bununla yanaşı, Azərbaycanın mədəniyyət və təhsil sahələrindəki zəngin təcrübəsi də əlaqələrin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyev Şimali Makedoniya Prezidentinin Azərbaycan mədəniyyəti ilə tanış olacağı və tələbələrlə görüşəcəyi barədə məlumat verərək, bu cür qarşılıqlı əlaqələrin xalqlarımızın daha yaxından tanış olmasına imkan verəcəyini vurğulayıb.
Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir. Bu səfər çərçivəsində aparılan danışıqlar iki tərəf arasında qarşılıqlı maraqlara əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu görüşlər, eyni zamanda regional və beynəlxalq səviyyədə ortaq dəyərlərə əsaslanan dialoqun genişlənməsinə imkan yaradır.