Xəbərlər
Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına önəm verir

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Xarici siyasətimizin əsas istiqamətlərindən biri Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsidir. Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkovanın ölkəmizə rəsmi səfəri, keçirilən təkbətək və geniş tərkibdə görüşlər, müzakirə olunan məsələlər, eyni zamanda, Prezidentlərin mətbuata birgə bəyanatları hər iki ölkənin iqtisadi, ticari, enerji və nəqliyyat sahəsində əməkdaşlığının inkişafında yeni mərhələnin başlandığını göstərir. Bu səfər xüsusən də hər iki dövlətin geopolitik mövqeləri nəzərə alındıqda daha xüsusi bir əhəmiyyət kəsb edir. “Qısa müddətdən sonra Bakıya səfər etmək fürsətinə görə minnətdaram. Mədəniyyət diplomatiyasının gücünə dərindən inanan bir şəxs kimi cənab Prezidentə söylədim ki, mən həqiqətən buraya yenidən gəlməyimi arzulayırdım. Bununla belə, mən məlumatım olmadığı bəzi məsələləri də artıq müzakirə etdim” fikirləri ilə Azərbaycana böyük etimadını, sevgisini nümayiş etdirən Qordana Silyanovska Davkova onu da bildirdi ki, ölkəniz müsəlman Şərqində ilk cümhuriyyət qurmuşdur. Eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılmışdır. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir. Əgər belə qısa müddət ərzində bir insanla yenidən görüşürsənsə, deməli, aydındır ki, bunun yaxşı əsasları var. Bu bir faktdır ki, Azərbaycan beynəlxalq münasibətlərdə çox fəaldır. Sonuncu görüş zamanı burada iqlim konfransı təşkil edilmişdi. İndi isə növbəti dəfə tədbir keçiriləcək və orada dünyanı narahat edən əsas çağırışlar müzakirə olunacaq. Bu da yaxşı fürsətdir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır.
Xanım Prezidentin ölkəmizlə əməkdaşlığa verdiyi önəm, yüksək dəyər hər bir fikrində özünün aydın ifadəsini tapdı. Bir daha qeyd edildi ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir: “Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq”.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir.
Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri XII Qlobal Bakı Forumunun keçirildiyi vaxta təsadüf edir. Hər il keçirilən bu forumlar günümüzün aktual məsələlərini müzakirəyə çıxarmaqla iştirakçı ölkələrin məsələ ilə bağlı mövqeyinin öyrənilməsinə geniş imkanlar yaradır. Tədbirin iştirakçılarından olan Şimali Makedoniya Prezidenti ilə bağlı fikirlərində cənab İlham Əliyev bildirdi ki, Sizin siyasi və dövlət xadimi kimi çox böyük təcrübəniz var. Siz beynəlxalq təşkilatlarda yüksək vəzifələrdə çalışmısınız, eyni zamanda, ölkənizdə müxtəlif mərhələlərdən keçərək ən yüksək vəzifəyə layiq görülmüsünüz. Ona görə Sizin dəyərli fikirləriniz hamımız üçün çox maraqlı ola bilər.
Dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın qonağın qatılacağı Forum bir daha ölkəmizin beynəlxalq mövqeyinin, artan nüfuzunun təqdimatında əhəmiyyətli rol oynayacaq. Qordana Silyanovska-Davkovanın qeyd etdiyi kimi, coğrafi mövqeyimizə görə biz Balkanlarda, Avropanın mərkəzində, bir sıra marşrutların kəsişməsində yerləşirik. Bu, Avropaya və dünyaya açıq olan hər bir ölkə üçün olduqca vacibdir. Biz bir-birimizdən bir çox şey öyrənə bilərik və bu səfər dərin dostluğun təməli olacaqdır.