Xəbərlər
Dövlət Sosial Müdafiə Fondunda pensiya təminatı sisteminin maliyyə dayanıqlığının qiymətləndirilməsinə dair təqdimat-seminar keçirilib
Dövlət Sosial Müdafiə Fondunda TAİEX proqramı çərçivəsində “Pensiya Təminatı Sisteminin Maliyyə Dayanıqlığının Qiymətləndirilməsi” mövzusunda Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) ekspertlərinin iştirakı ilə təqdimat-seminar keçirilib.
Tədbir iştirakçılarını salamlayan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb və Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılıb.
Zakir Babayev vurğulayıb ki, bu gün əksər ölkələrin pensiya sistemlərində maliyyə dayanıqlığının təmin edilməsi və sosial proqramların icrası baxımından ciddi gərginliklər müşahidə olunmaqdadır. Azərbaycanda isə vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində ölkəmizin pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib.
Tədbirdə çıxış edən Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) nümayəndəsi Andrey Tretyak hazırda qlobal miqyasda pensiya sistemlərinin fəaliyyətində meydana çıxan ciddi çətinliklərdən bəhs edərək bu sahədə mövcud problemlərin həllinə yönələn islahatların beynəlxalq inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.
Daha sonra agentliyin digər nümayəndəsi, beynəlxalq ekspert, Fransa Əmanət Pensiya Fondunun sabiq rəhbəri François Durin qlobal iqtisadi proseslər fonunda sığorta-pensiya sistemlərində maliyyə dayanıqlığı mövzusunda təqdimatla çıxış edib.