Xəbərlər
Siyasi proseslərdə iştirak edən tərəflər arasında sağlam siyasi dialoq ənənələri daha da dərinləşdirilir

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiya nümayəndələrinin, tanınmış politoloq və siyasi şərhçilərin, habelə internet televiziya kanalları rəhbərlərinin, qəzet redaktorlarının və digər jurnalistlərin növbəti birgə səfəri bu dəfə martın 6-da Xankəndi, Əsgəran və Xocalıya təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkədə siyasi dialoq mühitinin daha da dərinləşdirilməsi, habelə milli maraqlar və dövlətçilik naminə siyasi proseslərdə etibarlı əməkdaşlıq münasibətlərinin bərqərar edilməsi məqsədilə mütəmadi surətdə müxtəlif səpkili layihələr icra olunur. Azərbaycan ictimaiyyəti son beş il ərzində iqtidarın mövcud istiqamətdəki davamlı təşəbbüslərinin şahididir. Siyasi dialoq ilə əlaqədar bütün təşəbbüslər mətbuatda işıqlandırılır və bu məlumatlar ictimaiyyət üçün tam olaraq açıqdır.
Qeyd edək ki, siyasi dialoq mühitinin təşviqi ilə bağlı təşəbbüslər institusional və qanunverici müstəvilərdə olmaqla yanaşı, ölkəmizdə yeni siyasi mədəniyyətin formalaşdırılması kimi mühüm sahəni də əhatə edir. Təsadüfi deyil ki, dövlətimizin başçısı öz çıxış və müsahibələrində siyasətdə sağlam münasibətlərin bərqərar olunması, siyasi dialoq mühitinin əhəmiyyəti və konstruktiv əməkdaşlığın vacibliyi kimi önəmli demokratik məzmunlu təzahürləri davamlı olaraq qeyd edir.
Konstruktiv əməkdaşlığın qurulması çərçivəsində siyasi partiya rəhbərləri üçün işğaldan azad olunmuş ərazilərə birgə səfərlərin təşkili təcrübəsi xüsusi əhəmiyyətə malikdir. Xatırladaq ki, sağlam və işgüzar münasibətlərin bərqərar olunmasına xidmət edən siyasi dialoq ilə bağlı toplanmış təcrübənin zənginləşdirilməsi üçün ölkə siyasilərinin birgə səfərləri daha öncə Ağdam, Şuşa (2 dəfə) və Zəngilana təşkil olunub.
Xüsusi olaraq vurğulanmalıdır ki, birgə səfərlərin birində ölkə siyasiləri Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə 2022-ci il iyunun 15-də Şuşa şəhərində keçirilmiş “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” adlı beynəlxalq konfransda iştirak ediblər. Beləliklə, təşviq olunan dialoq mühiti sayəsində müxalif siyasi partiyalar, eyni zamanda, təşkil olunan beynəlxalq tədbirlərdə də tərəf-müqabili kimi iştirak edirlər.
Növbəti - sayca 5-ci birgə səfərin ünvanı Xankəndi, Xocalı və Əsgərandır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının təşkilatçılığı ilə baş tutan 6 mart səfərində 24 siyasi partiyanın nümayəndələri, tanınmış politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər iştirak ediblər.
Səfərin iştirakçıları əvvəlcə Əsgəran qala-kompleksi ilə tanış oldular və kompleks haqqında geniş məlumat əldə etdilər.
İştirakçılar səfər çərçivəsində müxtəlif məkanlar ilə yanaşı, Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialında aparılan işlərlə yaxından tanış oldular. Səfər iştirakçıları, həmçinin Xocalının Ballıca kəndində tikilən fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülmüş işlərlə tanış olmaq imkanı əldə etdilər.
Daha sonra səfər iştirakçıları Xankəndi şəhərində oldular. Xankəndi şəhərində 2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildiyi Zəfər meydanını ziyarət edən səfər iştirakçıları burada mətbuat nümayəndələrinə verdikləri müsahibələrdə öz təəssüratları ilə bölüşdülər.
Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Xankəndi şəhərində iştirakçıların qarşısında çıxış edərək ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumat verdi.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin bütün dünya azərbaycanlılarının qürur mənbəyi olduğunu xüsusi vurğulayan Administrasiya rəsmisi qeyd etdi ki, Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Ədalət Vəliyev çıxışında bildirdi ki, müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələri birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir.
Səfər çərçivəsində siyasilər Xankəndi, Xocalı və Əsgəranın iqtisadi, habelə turizm potensialı ilə də tanış oldular. Təbii landşaft, nadir təbiət, gözəl meşələr, dağlar, bulaqlar, çaylar, habelə icra olunan infrastruktur layihələri - bütün bunlar regionun inkişafı üçün zəmin yaradır. Səfərin iştirakçılarına bildirildi ki, Xankəndi, Xocalı və Əsgəranın turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaqdır. Burada hotellər, istirahət zonaları yaradılacaq və kənd turizmi də inkişaf etdiriləcəkdir. Nəzərə alınmalıdır ki, yaradılacaq yeni infrastruktur Qarabağa qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq.
Təşkil olunmuş səfər timsalında sevindirici haldır ki, siyasi proseslərdə iştirak edən tərəflər arasında işgüzar mühitin və sağlam münasibətlərin qorunması məqsədilə atılan bütün addımlar siyasi partiya rəhbərləri tərəfindən fəal şəkildə dəstəklənir. Təşviq olunan dialoq mühiti konstruktiv əməkdaşlığı, dövlət naminə şəxsi ambisiyalardan imtina olunmasını, milli həmrəyliyi, habelə etibarlı münasibətləri tərənnüm edir.