Xəbərlər
Şəmkirdə 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir təşkil edilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının inzibati binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup qadınla görüş keçirilib.
Görüşdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bayram münasibətilə xanımları səmimi qəlbdən təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından söhbət açan F.Vəliyev ölkəmizdə dövlət gender siyasətinin məhz Ulu Öndər Heydər Əliyevin tərəfindən qoyulduğunu bildirib. O, Ümummilli Liderin hakimiyyətdə olduğu illərdə bu istiqamətdə bir çox qanunların qəbul olunduğunu, fərman və sərəncamların imzalandığını vurğulayıb.
Rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət gender siyasəti böyük yüksəliş mərhələsinə qədəm qoyub. Natiq qadınların Azərbaycan cəmiyyətində mühüm rolundan bəhs edərək, 44 günlük Vətən müharibəsində xalqımıza şanlı Qələbəni bəxş edən qəhrəman şəhidlərin, igid qazilərin, rəşadətli əsgər və zabitlərin analarının fədakar Azərbaycan qadınları olduğunu vurğulayıb.
Tədbirdə YAP Şəmkir rayon təşkilatının Düyərli kənd ərazi ilk partiya təşkilatının sədri Aybəniz Nəsibova və partiya fəalı Nüşabə Allahverdiyeva çıxış edərək ölkəmizdə gender siyasəti sahəsində aparılan islahatlardan danışıblar.
Sonda qadınlara bayram hədiyyələri təqdim edilib.