Xəbərlər
Xanımlar öz parlaq zəkası ilə hər zaman xalqımızın adını uca tutub

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda rəsmi bayram kimi qeyd edilir. Ölkəmizdə gender siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan BMT-nin qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə ölkəmiz BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” beynəlxalq konvensiyaya qoşulub. Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazası yaradılıb. Qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran Konstitusiyanın 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilib. 2006-cı ildə Milli Məclis Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul edib. Gender bərabərliyinin qorunması istiqamətində xüsusi əhəmiyyət kəsb edən bu Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.
Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadınları milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib. Ölkəmizdə dövlət gender siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev hər zaman ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmaqla onların fəaliyyətinə geniş meydan yaradıb.
Ulu Öndərin gender siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində qadınların ölkənin ictimai-siyasi həyatında olduqca fəal iştirak edir. Ölkə həyatının bütün sahələrində qadınların fəallığı müşahidə olunur. Qadınların ictimai nüfuzunun artırılması, cəmiyyətdə rolunun yüksəldilməsi, gender siyasətinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq Azərbaycan qadınları dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir və ölkənin inkişafına hər sahədə böyük töhfələr verirlər.
8 Mart - Beynəlxalq Qadınlar Günün ölkəmizdə də geniş şəkildə qeyd olunması qadınların cəmiyyətdə əvəzsiz rolu, anaya hörmət və ehtiram və zəngin mənəvi dəyərlərimizin parlaq ifadəsidir. Cəmiyyət qarşısında öz məsuliyyətini bütün zamanlarda dərindən dərk edən Azərbaycan qadınları bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcək.