YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadını: milli dəyərlərin, mədəniyyətin və mənəviyyatın qoruyucuları

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır. Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər. Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.  Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.

Ümummilli Lider Heydər Əliyev daim qadınlara böyük diqqət göstərib. İstər hakimiyyətinin birinci, istərsə də ikinci dövrünə nəzər salsaq, bu istiqamətdə biri-birindən mühüm addımların atıldığını  görərik.

1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.

Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.

Onu da qeyd edək ki, 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.

Dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksək səviyyədə davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə  yeni siyasi və iqtisadi sistemlə sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atmışdır. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə  “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur.

Ölkəmizdə qadın siyasətinin effektivliyini təmin edən amillərə diqqət yetirək. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn  öhdəliklərini daha geniş miqyasda həyata keçirmək üçün 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam  imzalandı. Ulu Öndər Heydər Əliyev tərəfindən 6 mart 2000-ci il tarixində “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman  imzalandı.  Fərmanla Azərbaycanın  bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilməsi tapşırıldı. 2000-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti 2000-2005-ci illər üçün “Azərbaycan Respublikasında Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı”nı qəbul etdi.  Milli Fəaliyyət Planı milli prioritetləri nəzərə alaraq, siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil və səhiyyə sahələrini, eləcə də qaçqın və məcburi köçkün qadınların problemlərini əhatə etmişdir. Yuxarıda da qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Qadın siyasətinin təkmilləşdirilməsinə xidmət edən addımlar, imzalanan Fərman və sərəncamlar davamlılığı ilə diqqətdədir. Çünki qadınlar gələcəyimizin təminatçısıdırlar.