YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadını: mərhəmət və xeyirxahlıq nümunəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Tarixin hansı dövrünə nəzər salsaq, Azərbaycan qadınının öz idarəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında  rolunu aydın görərik. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan qadınının demokratik cəmiyyətin fəal üzvünə çevrilməsi üçün geniş imkanlar yaratdı.  Həmin dövrdə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edildi. Bununla da Azərbaycan nəinki  Şərqdə, hətta bir çox Qərb ölkələrindən əvvəl qadınlara seçki hüququ verən ilk ölkə oldu.

Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra da qadınların ölkənin ictimai-siyasi həyatında fəallığının artırılması istiqamətində davamlı addımlar atıldı. Qadınlarımız qısa müddətdə yüzilliklərə bərabər inkişaf yolu keçdi. Onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verdi. Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev daim  qadınlara  diqqət və qayğı ilə yanaşmış, ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarını təmin etmək üçün davamlı  tədbirlər həyata keçirmişdir. Ümummilli Lider Heydər Əliyev dövlətçiliyimizin inkişafında qadınlarımızın  rolunu önə çəkərək, yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının sıralarında da qadınların çoxluq təşkil etməsinin vacibliyini bildirirdi.

Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti   Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın  atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Uğurlarımıza davamlı töhfələr verən   Mehriban xanım Əliyevanın xidmətlərinin  miqyası geniş, ölçüyəgəlməzdir. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur.  Onun  təşəbbüsü ilə dünyanın  qeyri-maddi irsinə daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən  işlər təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilib.  Mehriban xanım Əliyevanın aldığı mükafatlar da, fəxri adlar da   onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğunu açıqlayır. Onun fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, qadınlarımızın   yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.