YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xanımlar ölkəmizin inkişafında mühüm rol oynayırlar

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Azərbaycan qadınları milli-mənəvi dəyərlərimizin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində daim misilsiz fədakarlıqlar göstərmiş, xalqımızın mədəni kimliyinin formalaşmasında müstəsna rol oynamışdır.

Xanımlar milliliklə müasirliyi vəhdət halında mənəviyyatlarının əsas prinsipi kimi qəbul edərək geniş sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətdə mühüm yer tutmuşlar. Maarifpərvər sələflərinin izindən gedərək müsəlman Şərqində incəsənət, elm və təhsil sahələrində ilk addımları atan, yenilikçi və tərəqqipərvər olduqlarını sübut edən Azərbaycan qadınları milli varlığımızın əsas dayağı olan mədəni irsimizin, ana dilimizin və adət-ənənələrimizin qorunub saxlanılmasında böyük xidmətlər göstərmişlər. Tarixin çətin dövrlərində cəmiyyətin mənəvi dayağına çevrilmiş, XX əsrin əvvəlində bir çox inkişaf etmiş ölkələrin qadınlarından daha tez seçki hüququ əldə edərək ictimai və mədəni həyatda fəal iştirak etmişlər.

Azərbaycan qadınları xüsusilə təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm rol oynamış, dövlətçiliyimizin möhkəmləndirilməsi və müstəqillik ideyalarına sədaqətlə ölkəmizin inkişafına töhfə vermişlər. Onlar bilik və bacarıqlarını ölkəmizin iqtisadi, mədəni və elmi potensialının gücləndirilməsinə yönəltmişlər. Qadınların yüksək ictimai nüfuzu və hüquqlarının tam təmin olunması müasir Azərbaycan cəmiyyətinin əsas nailiyyətlərindəndir. Dövlət quruculuğunun fəal iştirakçısı olan Azərbaycan xanımları milli nailiyyətlərimizin zirvəsinə yüksəlmək və parlaq qələbə sevincini yaşamaq üçün bütün gücünü səfərbər etmişdir. Vətəninə sədaqətlə bağlı olan qadınlar milli ideyalara uyğun gənc nəslin yetişdirilməsində əhəmiyyətli rol oynamış, onların qəlbində haqqın qələbəsinə sarsılmaz inam hissi yaratmışlar. Qadınların mənəvi gücü ilə yetişən bu nəsil 44 günlük Vətən müharibəsində rəşadət göstərərək xalqımızın mübarizlik simvoluna çevrilmişdir. Tarix boyu qadına dərin ehtiram bəsləyən Azərbaycan xalqı dövlət gender siyasətinin prinsiplərini bu köklü ənənələr üzərində qurmuşdur.

Mənəvi-əxlaqi dəyərlərimizin qorunub yaşadılması analarımızın əməyi ilə sıx bağlıdır. Zərifliyi, nəcibliyi və gözəlliyi ilə seçilən Azərbaycan qadınları, eyni zamanda, hünər və qəhrəmanlıqları ilə tariximizə şanlı səhifələr yazmışlar. Taleyüklü sınaqlarda cəmiyyətin mənəvi dayağı olmuş, 44 günlük Vətən müharibəsində fədakarlıqları ilə bu həqiqəti bir daha təsdiqləmişlər.

Müasir dövrdə qadınların cəmiyyətdə fəal iştirakı, gender bərabərliyi məsələləri qlobal əhəmiyyət kəsb edir. Azərbaycan dövləti bu istiqamətdə mühüm addımlar ataraq nümunəvi nailiyyətlər əldə edib. Bunun nəticəsi olaraq, ölkəmizdə qadınların ictimai fəallığı əhəmiyyətli dərəcədə artıb, onlar müxtəlif sahələrdə yüksək aktivlik nümayiş etdirərək böyük uğurlar qazanıblar.

Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli və səmərəli fəaliyyəti qadınlar üçün parlaq örnəkdir. Mehriban xanım Əliyeva ölkəmizi layiqincə təmsil edən, xeyriyyəçi, humanist fəaliyyəti ilə seçilən, mədəniyyətə, idmana, elmə, təhsilə və səhiyyəyə xüsusi diqqət ayıran ictimai-siyasi xadim kimi tanınır. Onun ali məqsədlərə xidmət edən fəaliyyəti bu sahələrin inkişafında mühüm rol oynayaraq ölkəmizin tərəqqisinə böyük töhfələr verir. Birinci xanımın genişmiqyaslı ictimai-siyasi fəaliyyəti dünya miqyasında Azərbaycan qadınlarının müsbət imicinin formalaşmasında əvəzsiz yer tutur.

Aydın məsələdir ki, qadınların siyasi proseslərdə fəal iştirakı, müxtəlif sahələrdə qərarların qəbulunda söz sahibi olması demokratik cəmiyyətin qurulmasında mühüm rol oynayır. Mehriban xanım Əliyevanın dövlətçilik fəaliyyəti sübut edir ki, qadınların ictimai mövqeyinin güclənməsi təkcə onların qadın məsələlərində deyil, ümummilli məsələlərinin həllində də fəal iştirak etməsindən asılıdır. Bununla yanaşı, dövlətin onlara lazımi imkanlar yaratması da mühüm önəm kəsb edir və bu istiqamətdə Azərbaycan Respublikasında uğurlu addımlar atılmaqdadır.

Ənənəvi ailə dəyərlərinə sadiq qalan Azərbaycan xanımları müasir düşüncəli, yenilikçi və yaradıcıdırlar. Maarifpərvər sələflərinin davamçıları kimi onların ictimai nüfuzu, təhsil, səhiyyə, mədəniyyət və elm sahələrindəki uğurları ölkəmizin hərtərəfli inkişafını təmin edən əsas amillərdəndir. Qadınlar bundan sonra da dinamik sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətin inkişafına töhfə verməyə davam edəcək, ölkəmizin parlaq gələcəyinin qurulmasında yaxından iştirak edəcəklər.

DİGƏR Xəbərlər Arxiv