Partiya xəbərləri
YAP Qadınlar Şurası «Seçkilərdə qadın namizədlərə dəstək olaq» mövzusunda tədbir keçirib
Bu gün Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası «Seçkilərdə qadın namizədlərə dəstək olaq» mövzusunda tədbir keçirib.
Tədbirdə YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva bildirib ki, YAP digər partiyalardan fərqli olaraq xalqın mənəvi gücünü səfərbər etməklə , millətin mənəvi potensialını üzə çıxarmaqla öz məramına , məqsədinə nail olub. Onun sözlərinə görə, partiyamız həmişə xalqın mövqeyindən çıxış edib, fəaliyyətində milli maraqları üstün tutub, Azərbaycanda həyata keçirilən inkişaf siyasətində birbaşa iştirak edib: «Eyni zamanda, partiyamız inkişaf siyasətinin uğurlarının əhali arasında təbliğatını da yüksək səviyyədə mütəmadi aparır. Bu yöndə bir çox tədbirlər keçirir ki, onların mövzusu vətəndaşlar üçün çox aktual olur. Partiyamız siyasi cəhətdən insanları hazırlayır, onların əqidəsinə, amalına müsbət təsir göstərən addımlar atır».
N.Əliyeva qeyd edib ki, YAP Qadınlar Şurası davamlı olaraq müxtəlif tədbirlər keçirir: «Hazırda bütün diqqətimizi Azərbaycanda keçiriləcək parlament seçkilərinə istiqamətləndirmişik. Təbliğat mərhələsində ölkə ərazisində “Qadın namizədlərə dəstək aksiyası” keçirəciyik. Namizədliyi ilk dəfə təqdim olunan qadınlarımızın platformasını dinləyəcək, onların cəmiyyətdə uğurlu fəaliyyəti haqqında fikirlərimizi qadınlarımızla bölüşəcəyik. Namizədlərimizi gəncliyə tanıtmaq, gənc qızlarımızın fəallığını artırmaq, qadınlarımızın seçkilərdə fəallığına nail olmaq əsas məqsədimizdir»
Tədbirdə çıxış edən 27 saylı Sabunçu ikinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Dilarə Cəbrayılova və 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Sevinc Fətəliyeva və başqaları çıxış edərək seçkilərdə qadınların fəallığı ilə bağlı fikirlərini bildiriblər.