Xəbərlər
Xocalı soyqırımı qurbanlarının xatirəsi Lerikdə də anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının, Lerik Rayon İcra Hakimiyyətinin və Lerik rayonu üzrə Gənclər və İdman sektorunun birgə təşəbbüsü ilə 26 Fevral - Xocalı soyqırımı günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəlimmədova, Lerik rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, şəhid qardaşı Namiq Bağışov, şəhid Arif Nuriyev adına Lerik şəhər 1 nömrəli texniki fənlər təmayüllü liseyin direktoru Gültəkin Şıxəliyeva ermənilərin törətdiyi Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu deyiblər.
Natiqlər bildiriblər ki, bu ağır faciə xalqımızı, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli mübarizəyə səfərbər etdi. 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı.