Xəbərlər
“Konstitusiyamız və suverenliyimiz xalqımızın milli sərvətidir”

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı, Qazax Rayon İcra Hakimiyyəti və Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyamız və suverenliyimiz xalqımızın milli sərvətidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyətindən bəhs ediblər. Azərbaycan Konstitusiyasının ölkənin hüquqi və siyasi sisteminin təməlini təşkil etdiyini, hüquq sistemin bütövlüyünü və sabitliyini təmin etdiyi vurğulanıb.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti barədə ətraflı danışılıb.
BDU Qazax filialının baş müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Elvira Əfəndiyeva , BDU Qazax filialının tələbəsi Kənan Xəlilov bu gün Azərbaycanın Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəlilədiyini deyiblər.