Xəbərlər
Gədəbəydə Xocalı soyqırımının 33-cü ildönümü qeyd olunub

Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının şəhər 1 nömrəli tam orta məktəb, şəhər 2 nömrəli tam orta məktəb və Qoşabulaq kənd 1 nömrəli tam orta məktəb ərazi partiya təşkilatlarında anım tədbirləri keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı faciəsi qurbanlarının və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi partiya təşkilat sədrləri Nailə İbrahimova, Zəkiyə Həsənova və Şəfa Həsənova Xocalı soyqırımı barədə ətraflı məlumat verərək erməni silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın qədim yaşayış məskəni Xocalı şəhərinin işğal edildiyini, işğal nəticəsində çoxlu sayda mülki insanın, əsasən də uşaqların və qadınların xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncəyə, zülmə və təhqirlərə məruz qaldığını deyiblər.
Qeyd olunub ki, Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.