Xəbərlər
Xocalı qətliamı – İnsanlığa zidd olan cinayət aktı

Məhəmməd Balaqadaşov
YAP Xaçmaz rayon təşkilatının sədri
Xocalı faciəsi Azərbaycan tarixində silinməz iz qoymuş qanlı bir hadisədir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş verən bu soyqırımı müasir dövrün ən dəhşətli cinayətlərindən biri kimi tarixə düşüb.
Xocalı Qarabağ bölgəsinin mərkəzində yerləşən və strateji əhəmiyyətə malik olan bir şəhərdir. Buradan keçən yollar, o cümlədən Xankəndini digər rayonlarla birləşdirən yollar Xocalını mühüm nəqliyyat qovşağına çevirirdi. Həmçinin, şəhər ərazisində yerləşən hava limanı bölgənin ən böyük hava nəqliyyatı məntəqəsi idi. Məhz bu səbəbdən Ermənistan silahlı qüvvələri tərəfindən Xocalının işğalı planlı şəkildə həyata keçirilərək Qarabağda üstünlük qazanmaq məqsədi daşıyırdı.
1991-ci ildən etibarən Xocalı mühasirədə idi, əhali ərzaq, dərman və digər əsas ehtiyac mallarından məhrum edilmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının texnika və şəxsi heyətindən istifadə edərək Xocalıya hücum etdi. Artilleriya atəşi ilə şəhər bir neçə saat ərzində darmadağın edildi. Əhalinin böyük bir hissəsi - təxminən 2500 nəfər meşələrdən keçməklə xilas olmağa çalışdı. Lakin şəhərdən qaçanlar Naxçıvanlı və Pircamal kəndləri yaxınlığında qurulan pusqularda erməni silahlıları tərəfindən atəşə tutuldu. Əhalinin bir qismi qətlə yetirildi, digərləri əsir götürüldü. Əsir götürülənlər isə insanlığa sığmayan işgəncələrə məruz qaldılar. Onların bir çoxu sonradan beynəlxalq təşkilatların vasitəçiliyi ilə azad olunsa da, bəzilərinin taleyi bu günə qədər naməlum qalır.
Xocalı soyqırımı nəticəsində rəsmi məlumatlara görə, 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olub. 487 nəfər ağır yaralanıb, 1275 nəfər əsir götürülüb, onlardan çoxu işgəncəyə məruz qalıb. 150 nəfər itkin düşüb, 8 ailə tamamilə məhv edilib. Bu rəqəmlər soyqırımın miqyasını və planlı şəkildə həyata keçirildiyini göstərir.
Xocalının işğalı təkcə insan itkiləri ilə nəticələnməyib, şəhər tamamilə xarabalığa çevrilib. İşğal zamanı 3200-dən çox fərdi yaşayış evi yandırılıb. 14 məktəb, 29 kitabxana, 21 klub, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi yerlə yeksan edilib. XIV-XV əsrlərə aid türbələr, qəbiristanlıqlar dağıdılıb, bu vəhşiliklər yalnız bir millətin mədəni irsinə deyil, ümumbəşəri dəyərlərə qarşı edilən təhqir idi.
Soyqırımı cinayəti beynəlxalq hüquqda ən ağır cinayətlərdən biridir. BMT-nin 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası bu cinayəti insan qruplarının milli, etnik, irqi və ya dini mənsubiyyətinə görə qəsdən məhv edilməsi kimi tanıyır. Xocalı soyqırımı mahiyyət etibarilə beynəlxalq cinayət kateqoriyasına aiddir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyasına start verilib. Kampaniyanın məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, bu faciəni törədənlərin beynəlxalq səviyyədə məsuliyyətə cəlb edilməsi, qurbanların xatirəsinin əbədiləşdirilməsi və sağ qalmış ailələrə dəstək göstərilməsidir.
Bu faciə beynəlxalq aləmdə də geniş rezonans doğurub. Bir çox dövlətlər və nüfuzlu beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bosniya və Herseqovina, Çex Respublikası, Kolumbiya, Meksika, Pakistan, Peru, Sudan, Sloveniya, İndoneziya və Əfqanıstan soyqırımı tanıyan ölkələr sırasındadır. ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib. Bu kampaniya çərçivəsində sərgilər, konfranslar, sosial media təşviqatları təşkil edilir, 115 təşkilat və milyonlarla insan bu təşəbbüsü dəstəkləyir.
Uzun illər işğal altında qalan Xocalı 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Bu hadisə yurd həsrətinin sona çatması ilə yanaşı, Xocalı şəhidlərinin ruhuna ehtiram nümunəsi oldu. Beləliklə, şanlı ordumuzun tarixi zəfərləri nəticəsində Xocalı soyqırımı qurbanlarının qisası alındı. 2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Xocalıda dövlət bayrağının ucaldılması ədalətin təntənəsi kimi tarixə düşdü.
Hər il 26 fevral tarixində minlərlə insan Bakıda yerləşən “Ana harayı” abidəsini ziyarət edərək Xocalı qurbanlarının xatirəsini ehtiramla yad edir. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biri olmaqla, bəşəriyyətin qanlı səhifələrindən biridir. Faciənin unudulmaması və gələcək nəsillərə çatdırılması üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür.