Xəbərlər
Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir simasının yeni və mütərəqqi əlamətidir

“Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən dövlət idarəçiliyində aparılan islahatlar Prezident İlham Əliyevin inkişaf siyasətinin əsas istiqamətləri sırasındadır. Bu baxımdan, dövlət idarəçiliyində Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir simasının yeni və mütərəqqi əlamətidir. Ötən müddət ərzində əldə olunmuş müsbət nəticələri nəzərə alaraq, əminliklə qeyd oluna bilər ki, Birinci vitse-prezidentlik institutu idarəetmənin səmərəlilik və çevikliyini artırıb. Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində imzaladığı müvafiq Sərəncama əsasən, Mehriban Əliyevanın Birinci vitse-prezidenti təyin olunması cəmiyyətdə yüksək dəyərləndirildi. Əlbəttə, bu, tam yerində olan qərar idi və heç də təsadüfi xarakter daşımırdı. Bu təyinatın arxasında Mehriban xanım Əliyevanın dövlətçilik və xalqın mənafeyi naminə uzun illər boyu göstərdiyi səmərəli, məqsədyönlü fəaliyyət dayanırdı”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir. Birinci vitse-prezidentlik institutu funksional siyasi təsisat kimi uğurla fəaliyyət göstərir. Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Əlamətdar haldır ki, Mehriban xanım Birinci vitse-prezident kimi öz ilk müşavirəsini məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etmişdi. Mehriban xanım Əliyeva dövlət idarəetməsində çeviklik və effektivlik naminə bütün potensialın səfərbər olunmasını, habelə uğurlu beynəlxalq təcrübə nümunələrindən istifadəni təmin edir. Onun təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində reallaşan layihələr təhsildə demokratik prinsipin yaşadılmasını təmin edir. Azərbaycanın Birinci vitse-prezidenti ölkə əhalisinin sağlamlığının qorunması naminə daim müxtəlif təşəbbüslərlə çıxış edir və sosial baxımdan həssas əhali qruplarının problemlərinin həlli istiqamətində tədbirlər görür. Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət nümunələrinin dünyada tanıdılması istiqamətində layihələri reallaşdırır. Ölkədə idman hərəkatının davamlılığını təmin edir. Ekoloji problemlərin həllinə dəstək göstərir. İşğaldan azad olunan torpaqların bərpasında humanitar missiyanı həyata keçirir. Effektiv təşkilatçılıq, peşəkar qərarların qəbul olunması və çeviklik Mehriban xanım Əliyevanın uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir. Mehriban xanım Əliyeva həm insanpərvər, həm də vətənpərvərdir. Ona görə də daim sosial məsələlərin həllinə xüsusi diqqət göstərir. Onun təşəbbüsü ilə genişmiqyaslı və ictimai əhəmiyyətli layihələr müvəffəqiyyətlə həyata keçirilir. Birinci xanım cəmiyyəti narahat edən, dövlətimiz və xalqımız üçün müstəsna əhəmiyyət daşıyan məsələlərin həlli üçün çalışır və buna nail olur.
Millət vəkilinin sözlərinə görə, ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, təhlükəsizlik şəraitində mehriban birgəyaşayışa malikdirlər. Onlar öz milli adətlərini, dini rituallarını qanun çərçivəsində sərbəst şəkildə yerinə yetirirlər. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa edib, müqəddəs ziyarətgahların təmir-bərpa işlərini həyata keçirib. Bundan əlavə, Mehriban xanım Əliyeva yüz illər boyu Azərbaycanda dost və qardaş şəkildə yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanıb. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun multikulturalizmin, tolerantlığın, sivilizasiyalararası dialoqun, mədəniyyətlərin inteqrasiyası ideyasının təbliği və təşviqi istiqamətində ardıcıl tədbirlər həyata keçirməsi təqdirəlayiq hal kimi ölkəmizdə və beynəlxalq müstəvidə yüksək qiymətləndirilir.
Mehriban xanımın rəhbərliyi ilə bir sıra ölkələrdə dini abidələrin əsaslı təmir edilməsi, müxtəlif layihələr reallaşdırması da nəinki ölkəmizdə dünyada rəğbətlə qarşılanır. Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
“Mehriban xanım həmişə Prezidentimizlə işğaldan azad edilmiş ərazilərə səfər edir, görülən bərpa işləri ilə yaxından tanış olur. Nəinki tanış olur, eyni zamanda onun rəhbərliyi ilə Heydər Əliyev Fondu quruculuq işlərində fəal iştirak edir. Heydər Əliyev Fondu azad edilmiş ərazilərimzdə tarixi, dini və mədəni abidələrin bərpası ilə məşğul olur. Görülən işlər xüsusilə tarixi irsin qorunması, milli mədəni-mənəvi dəyərlərin bərpası, Böyük Qayıdış prosesinin və məskunlaşmanın təmin olunması baxımından çox önəmlidir. Bərpa işlərinin dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə etməsi isə Heydər Əliyev Fondunun bəşəri missiyasını, Azərbaycan xalqının tolerant və multikultural mahiyyətini əks etdirir”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.