Xəbərlər
“32 illik şərəf və qürur tarixi”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş “32 illik şərəf və qürur tarixi” adlı tədbir keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Fəxri xiyabanda məzarı ziyarət olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatı olduğunu vurğulayıb. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ulu Öndər Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. YAP Yasamal rayon təşkilatının ilk yaradılan rayon təşkilatlarından biri olduğunu qeyd edən B.Nəbiyev bildirib ki, bu gün rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşıda daha böyük uğurları hədəfləyib.
Çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdir müavini Rafael Gülməmmədov Ümummilli Lider Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan və 740 mindən artıq üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli inkişaf yolu keçdiyini deyib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini hər şeydən üstün tutduğunu bəyan edib və qısa zaman kəsiyində ümumxalq rəğbətini qazanıb. Vurğulayıb ki, YAP tarixin sınaqlarından şərəflə çıxan, qələbələr partiyası kimi nüfuz qazanan partiyadır.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında aparıcı rolundan danışaraq bu partiyanın alternativsiz siyasi qüvvə olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Liderin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla addımlayan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni strateji nailiyyətlərə müvəffəq olur. M.Mərdanov ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvənin olmadığını vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə bildirib ki, partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqləyib. Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı YAP Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın mənafeyi naminə səy göstərir.
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ümummilli Lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb. Vurğulanıb ki, bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yüksək zirvələri fəth edir, xalqımız tarixi zəfərlər əldə edir.
Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərman və hədiyyələr təqdim olunub.
Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Tədbir bədii hissə ilə davam edib.