YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın təşəbbüsləri dünya birliyi tərəfindən maraqla qarşılanır

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Azərbaycanın dünyanın geosiyasi müstəvisində artan rolu Afrika dövlətlərinin də diqqət cəlb edib. Buna görə də son illərdə müxtəlif Afrika ölkələri Azərbaycanla münasibətlərinin inkişafını intensivləşdirirlər. Onların sırasına artıq Somali də daxildir. Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Qoşulmama Hərəkatının üzvüdür.

Fevralın 12-də Bakıda Prezident İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Hər iki dövlət arasında əlaqələrin inkişafını təmin etmək üçün sənədlər imzalanıb. İkitərəfli münasibətlərdə təhsilə sektoruna xüsusi əhəmiyyət verilməsi, müdafiə sahəsində əməkdaşlığın mühüm önəm kəsb etməsi kimi məsələlər müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş və Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş imzalanıb. Bu müsəlman ölkəsi İƏT və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanla qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir.

Azərbaycan-Türkiyə tandemi Somalidə təhlükəsizlik sisteminin təkmilləşdirilməsində konstruktiv rol oynayır. Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə hökumət missiyası bu günlərdə Somalidə səfərdə olub.

Somali, həmçinin iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir və Azərbaycanla enerji, logistika, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlıq potensialı böyükdür. Bu mənada Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri mühüm önəm kəsb edir. Somalinin Azərbaycanla əlaqələrinə getdikcə daha çox önəm verməsini şərtləndirən kifayət qədər səbəblər mövcuddur. Bunun uzun tarixi olsa da, son illər ərzində prosesi sürətləndirən mühüm məqamlardan biri Azərbaycanın beynəlxalq xarakterli bir çox məsələlərdə aktiv rol almasından qaynaqlanır. Hələ Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu təşkilata üzv ölkələr, o cümlədən Afrika dövlətlərinin üzləşdiyi problemləri fəal bir şəkildə dünya gündəminə gətirdi. Buna paralel olaraq, həmin problemlərin həlli istiqamətində də Azərbaycan konkret təşəbbüslər irəli sürdü, həll yollarını göstərdi. Eyni zamanda, Azərbaycan öz imkanları daxilində Afrika ölkələrinə müxtəlif yardımlar etdi və proses indi də davam edir.

Bunlarla yanaşı, Azərbaycan Afrikada müstəmləkəçilik və onun yaratdığı fəsadların dünya gündəminə gətirilməsində olduqca önəmli fəaliyyət həyata keçirib. Bakı Təşəbbüs Qrupunun bu səpkidə gördüyü işlər təkcə Afrika yox, müstəmləkəçilikdən əziyyət çəkən digər xalqlar, ümumən isə dünya ictimaiyyəti tərəfindən təqdirlə qarşılanır. Öz növbəsində, Azərbaycan Afrika ölkələri ilə münasibətlərin dərinləşdirilməsində maraqlı tərəfdir. Nəzərə alınır ki, dünyada ikinci ən böyük qitə olan Afrika zəngin təbii ehtiyatları, mədəni müxtəlifliyi və mövcud potensialına görə qlobal landşaftda mühüm yer tutur. Afrika təkcə qədim sivilizasiyaların evi deyil, həm də müasir geosiyasi və geoiqtisadiyyatda mühüm bir subyektdir.

Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model hesab olunur. Azərbaycan Türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir. Azərbaycanla əməkdaşlıq Afrikanın xüsusi maraq dairəsində yer aldığından qarşıdakı dövrdə ölkəmizin qitədə rolunun daha da artacağı gözlənilir.

DİGƏR Xəbərlər Arxiv