YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nəqliyyat layihələri: Yeni inkişaf perspektivləri

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Prezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi müşavirə ölkəmizin nəqliyyat infrastrukturunun inkişafı və gələcək strategiyasına dair mühüm məsələlərin müzakirəsinə həsr olunmuşdur. Bakı şəhəri və ətraf ərazilərin nəqliyyat sisteminin təkmilləşdirilməsi, azad edilmiş ərazilərdə nəqliyyat layihələrinin icrası və beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində verilən qərarlar ölkəmizin dayanıqlı inkişaf hədəflərini əks etdirir.

Son illər ərzində Bakı şəhərində və ətraf qəsəbələrdə nəqliyyat infrastrukturunun inkişafı məqsədilə mühüm layihələr həyata keçirilmişdir. Yeni metro stansiyalarının istifadəyə verilməsi, çoxsaylı yol qovşaqları, tunellər və körpülərin inşası nəqliyyat axınının optimallaşdırılmasına xidmət etmişdir. Buna baxmayaraq, əhali artımı və nəqliyyat vasitələrinin çoxalması tıxac probleminin aktuallığını qoruyub saxlayır.

Dövlətimizin başçısı bu məsələ ilə bağlı rəqəmsallaşma və innovativ həllərin tətbiqini xüsusi vurğuladı. Nəqliyyat axınının daha effektiv idarə olunması üçün rəqəmsal sistemlərin qurulması, eləcə də yeni dövlət proqramının hazırlanması ilə bağlı verilən göstərişlər bu sahədə köklü dəyişikliklərə səbəb ola bilər.

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat infrastrukturu sürətlə bərpa olunur və yenidən qurulur. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu bölgələrdə həyata keçirilən layihələr ölkənin ümumi iqtisadi inkişafına mühüm töhfə verir. 3400 kilometrə yaxın avtomobil yolunun tikintisi, çoxsaylı körpülər və tunellərin inşası bu ərazilərin digər bölgələrlə inteqrasiyasını sürətləndirir.

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yollarının tikintisi isə bu ərazilərin iqtisadi canlanmasına şərait yaradacaq. Bu layihələr həm də regionda nəqliyyat bağlantılarının inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev müşavirədə Zəngəzur dəhlizinin əhəmiyyətinə xüsusi diqqət çəkdi. Bu dəhlizin açılması Azərbaycanın beynəlxalq nəqliyyat şəbəkəsində mövqeyini daha da möhkəmləndirəcək və regional əməkdaşlığa xidmət edəcəkdir. Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, Azərbaycan bu layihənin icrasını qətiyyətlə davam etdirir. Zəngəzur dəhlizinin açılması Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsi yaradacaq və regionun iqtisadi potensialının tam reallaşmasına şərait yaradacaqdır.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqeyi Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əhəmiyyətli dərəcədə güclənmişdir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi regionda Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir.

Dəhlizlər üzrə daşınan yüklərin həcminin artması ilə əlaqədar olaraq əlavə sərmayələrin cəlb edilməsi və fiziki infrastrukturun genişləndirilməsi ilə bağlı işlər davam etdirilir. Bu, ölkəmizin beynəlxalq ticarət mərkəzi kimi əhəmiyyətini daha da artırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı nəqliyyat layihələri Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Paytaxt və regionlarda nəqliyyat şəbəkəsinin təkmilləşdirilməsi, azad edilmiş ərazilərin sürətli inkişafı və beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsi ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir. Azərbaycanın iqtisadi inkişafının təməlində dayanan bu uğurlu strategiya xalqımızın rifahına və dövlətimizin gücünün artmasına xidmət edir.