Xəbərlər
“Sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görülüb”
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə, yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cabir Əvəzzadə, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev, Vətən müharibəsi qaziləri Cövhər Sadıqzadə və Fəxri Əliyev, gənc fəallar Minə Əliyeva və Elqayıd Əlizadə çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi önəm verib. Ulu Öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb.
Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə bir çox sərəncamlar imzalayıb, dövlət proqramları qəbul edib.
Məhz gənc övladların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc fəxri fərmanlar ilə təltif ediliblər.