YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Gənclər bizim gələcəyimizdir!”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər bizim gələcəyimizdir!” adlı tədbir keçirilib.

Əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin xatirə kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətənin qəhrəman övladlarının əziz xatirələri anılıb.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbir iştirakçıları rəsm sərgisinə baxış keçiriblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, rayon təşkilatının gənc fəalı Gülarə Mehdizadə bildiriblər ki, Azərbaycan Gənclər Gününün ölkə miqyasında qeyd olunması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun respublikaya rəhbərlik etdiyi dövrdə ölkədə ixtisaslaşmış dövlət qurumlarından biri olan Gənclər və İdman Nazirliyinin yaradılması, Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi bu sahəyə ayrılan yüksək diqqətin təzahürü idi. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev daim gənclərin Vətənə sadiq ruhda formalaşmalı olduğunu qeyd edir, Vətən torpağını qorumağı hər bir gənc üçün müqəddəs vəzifə kimi qiymətləndirirdi.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun sıralarında yer alan cəsur gənclərimizin adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazması həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu nəticələrindən biridir.

30 ilə yaxın davam etmiş işğala son qoyan Azərbaycan gəncliyinin hazırda da bu siyasətin inkişafında yüksək fəallıq nümayiş etdirməsi və ümummilli məsələlərdə yaxından iştirakı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonra qazi və bir qrup gənc fəala fəxri fərman, hədiyyələr təqdim edilib.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Tədbir gənc muğam ifaçıları Yusif Cəfərbəyli və Nuray Hacızadənin təqdimatında bədii hissə ilə davam edib.