Xəbərlər
Gənclərlə iş dövlət siyasətinin prioritetlərindən biri hesab olunur
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Sağlam düşüncəli və bilikli gənclik sağlam cəmiyyətin təminatıdır. Ümummilli Lider Heydər Əliyev hələ 1990-cı illərin çətin dövrlərində gənclərin inkişafına xüsusi diqqət yetirmiş, bu sahənin strateji əhəmiyyətini vurğulamışdır. O, əmin idi ki, gənclər düzgün istiqamətləndirilməsə, güclü dövlət qurmaq mümkün deyil. Bu yanaşma gənclər siyasətinin dövlət prioritetinə çevrilməsində mühüm rol oynamışdır.
1996-cı ildə Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi gənclər siyasətinin əsaslarının qurulmasında mühüm mərhələ oldu. 1997-ci ildə Heydər Əliyevin imzaladığı Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu tarixdən etibarən Azərbaycan MDB və Şərqi Avropa məkanında Gənclər Gününü qeyd edən ilk ölkə kimi yadda qaldı.
Bu gün gənclər dövlət və hökumət strukturlarında, biznes və elm sahələrində geniş təmsil olunur. Ümummilli Liderin gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının gənclərlə mütəmadi görüşləri, onlara göstərilən diqqət və qayğı hər bir Azərbaycan gəncində özünəinam hissini artırır.
Gənclər siyasəti yalnız sosial dəstəkdən ibarət deyil. Eyni zamanda, bu siyasət gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq aləmdə fəal rol oynaması üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Gənclər Fondu bu istiqamətdə uğurlu layihələr həyata keçirir.
İdman da gənclər siyasətinin ayrılmaz hissəsidir. Azərbaycanın beynəlxalq arenada idman ölkəsi kimi tanınması, müxtəlif bölgələrdə olimpiya idman komplekslərinin açılması, dünya çempionatlarında idmançılarımızın qazandığı uğurlar dövlət siyasətinin effektivliyini göstərir.
Yeni Azərbaycan Partiyası (YAP) da gənclərin inkişafına xüsusi diqqət yetirir. YAP savadlı və bacarıqlı gənclərə dəstək göstərərək onların dövlət qulluğu, seçkili orqanlar və digər sahələrdə uğur qazanmalarına şərait yaradır. Bu yanaşma gənclərin özünü cəmiyyətin aktiv üzvü kimi görməsinə və ölkənin inkişafına töhfə verməsinə imkan yaradır.
Bu gün Azərbaycan gəncliyi təşəbbüskar, savadlı və innovativ düşüncəyə sahibdir. Əminliklə demək olar ki, gənclər gələcəkdə də ölkənin inkişafı naminə bütün potensiallarını səfərbər edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək böyük nailiyyətlərə imza atacaqlar.