Xəbərlər
Nəqliyyat islahatları: Dayanıqlı inkişafın yeni perspektivləri
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilib.
Müşavidə dövlətimizin başçısı ölkəmizin nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı vacib məqamlara toxunaraq bildirib ki, biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq. Qeyd olunub ki, son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilmiş, yeni metro stansiyaları istifadəyə verilmiş, yol qovşaqları, tunellər, körpülər inşa edilmiş, yeni yollar salınıb.
Həmçinin, müşavirədə Azərbaycan Prezidenti ölkəmizin Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevirildiyini vurğulayıb. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır.
Əlverişli coğrafi mövqeyə malik Azərbaycan tranzit-logistika imkanlarından daha səmərli istifadə etmək üçün nəqliyyat sektoruna ciddi önəm verir. Azərbaycanın məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafı, həm də ölkənin Avrasiyanın nəqliyyat qovşağına çevirilməsi istiqamətində müvafiq addımlar atılır. Bu gün respublikamız Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında önəmli rola malikdir. Belə ki, qədim İpək yolu üzərində yerləşən Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryol xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub və Trans-Xəzər Nəqliyyat dəhlizləri (Orta Dəhliz) vasitəsilə Çin ilə Avropa arasında logistik körpü rolunu oynayır. Bu baxımdan, Zəngəzur dəhlizi də ölkəmizin nəqliyyat və logistik imkanlarının daha da genişləndirilməsi baxımından önəmli keçid olacaq.
Bütün bunlar deməyə əsas verir ki, artıq respublikamızın nəqliyyat təhlükəsizliyi təmin edilmişdir. Azərbaycanın fəal iştirakı ilə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri səmərəli fəaliyyətdədir.
Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.