YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin ardıcıl və düşünülmüş strategiyası Azərbaycanı dünyanın əsas nəqliyyat-tranzit qovşaqlarından birinə çevirib

Ramid Namazov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə paytaxtın nəqliyyat sıxlığının aradan qaldırılması, nəqliyyatın yeni hərəkət xəritəsinin müəyyən edilməsi ilə bağlı mühüm prioritetlər müəyyənləşdirildi. Eyni zamanda, Azərbaycanın regional və qlobal nəqliyyat-tranzit dəhlizlərində aparıcı mövqeyinin daha da möhkəmləndirilməsi, Cənubi Qafqaz, Xəzər və Asiya bölgəsində müasir nəqliyyat qovşaqlarının və infrastrukturlarının əlaqələndirilməsi və yaradılması istiqamətində təşəbbüslərə diqqət çəkildi.

Cənab Prezident Azərbaycanın regionda nəhəng nəqliyyat habı yaradan siyasətinə və çoxşəbəkəli logistika imkanlarına nəzər salaraq, bu imkanların daha da irəli aparılması ilə bağlı fikirlərini bildirdi. Bu xüsusda xatırladaq ki, Azərbaycan öz qətiyyəti və təşəbbüskarlığı ilə şərqlə qərbi, şimalla cənubu birləşdirən nəhəng nəqliyyat və ticarət dəhlizlərini özündə ehtiva edən transmilli layihələri reallaşdırıb. Bölgənin “Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qarsın (BTQ) ərsəyə gəlməsi məhz dövlət başçımızın sarsılmaz iradəsinin nəticəsidir.

Vaxtilə bu layihənin icrasına böyük maneə yaradan, Ermənistanın təcavüzkar siyasətinə göz yuman və onu dəstəkləyən bəzi Qərb ölkələri bu layihə ilə də bağlı riyakar və ədalətsiz yanaşma sərgiləyirdilər. Ermənistanın regionda həyata keçirilən bu meqalayihədən kənarda qalmaması üçün, Gürcüstanın da bu tranzitə qoşulmasına mane olunurdu. Digər əngəllər isə layihənin xarici kreditlər hesabına maliyyələşməsi ilə bağlı idi ki, bunu da Azərbaycan tərəfi öz maliyyə resursları hesabına həll etdi. Zaman göstərdi ki, Azərbaycan Prezidenti öz prinsipial qərarlarını ən çətin şəraitlərdə belə dərin zəka və böyük inamla yerinə yetirməyi bacarır. İllər sonra elə həmin Qərb ölkələri bu nəhəng layihənin təkcə bölgə üçün yox, Asiya və Avropa arasında ən axıcı və rentabelli, səmərəli nəqliyyat körpüsü olduğunu anladılar.

Artan tələbat və qlobal rəqabət fonunda Azərbaycan son illərdə bu dəmir yolunun müasirləşdirilməsi və yükdaşıma infrastrukturunun gücləndirilməsinə əlavə sərmayələr yatırıb, nəticədə BTQ-nin daşıma qabiliyyəti beş milyon tona çatdırılıb.
Hazırda BTQ də daxil olmaqla Azərbaycanın sahib olduğu qlobal tranzit dəhlizi sistemləri uzaq Şərqdən istiqamətlənən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasında ən etibarlı və təhlükəsiz, ən səmərəli nəqliyyat infrastrukturları hesab olunur.

Azərbaycanın daha bir uzaqgörən strategiyasının nəticəsində bölgənin nəqliyyat açarı və siması hesab edilən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz də qısa vaxt ərzində böyük nəqliyyat zəncirinə çevrildi. Çini Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirən dəhlizlə yüklərin dəniz nəqliyyatından iki dəfə daha tez çatdırılması bütün ölkələrin marağını daha da artırmaqdadır.

Ölkəmiz durmadan nəqliyyat-logistika arxitekturasını yeniləyir, genişləndirir, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, Ələt Azad İqtisadi Zonasının dəmir yolu infrastrukturlarına inteqrasiyası, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərində, ələlxüsus da müasir tranzit gündəliyi olan Orta Dəhliz çərçivəsində mobilliyin artırılması istiqamətində səylərini davam etdirir. Həmçinin yeni çağırışlara uyğun olaraq, Orta Dəhlizdə Özbəkistan, Qazaxıstan, Qırğızıstanla birlikdə rəqəmsal texnologiyaların tətbiqi və infrastrukturun elektronlaşdırılması üçün birgə işlər görülməkdədir. Bir sözlə, böyük bir coğrafiyada Maneəsiz Rəqəmsal Nəqliyyat Dəhlizi qurulmaqdadır.

Azərbaycan öz nəqliyyat siyasətini genişləndirərək Şimal-Cənub dəhlizində sinxron daşınmaların həyata keçirilməsində fəal ölkə kimi çıxış edir, bütün coğrafi səmtlərdə ölkələr arasında iqtisadi-ticari-logistika əlaqələrinin dinamikasına müsbət ritm gətirir. Avrasiya qitəsində iqtisadi, institusional və nəqliyyatın vahid inkişaf konsepsiyasını zənginləşdirir.

Göründüyü kimi, açıq dənizlərə və dünya okeanlarına çıxışı olmayan Azərbaycan bütün bunlara baxmayaraq, əvəzolunmaz nəqliyyat mərkəzinə və qlobal logistika statusuna malik ölkələrdən birinə çevrilib. Cənab Prezidentin vurğuladığı kimi, Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda “Kəmər və yol” layihəsinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan bölgədə artan strateji mövqeyini və statusunu dayanmadan möhkəmləndirir.

Dövlət başçısının müşavirədə toxunduğu ən mühüm məqamlardan biri də bölgənin iri nəqliyyat qovşaqlarının yeni şaxəsi hesab edilən Zəngəzur dəhlizinin açılmasına Ermənistanın yaratdığı maneələrlə bağlı oldu. Azərbaycanın bilavasitə iştirakı və təşəbbüsü ilə reallaşan yeni nəqliyyat qovşaqları bloklarında Ermənistan üçün yaranmış tarixi şansa baxmayaraq, Ermənistan rəhbərliyi əvvəlki transmilli layihələrdə olduğu kimi, bu dəfə ona verilən imkanı əldən buraxır. Əvəzində Ermənistan tərəfi müxtəlif bəhanələr, qeyri-real və cəfəng layihələr ortaya atmaqla, manipulyasiyalarla məşğul olur.

Bunlardan biri də “Sülh kəsişməsi” adlı qeyri-real bir layihədir. Bu layihənin Ermənistanı bölgənin tranzit qovşağına çevirəcəyinə özünü inandıran Paşinyan hökuməti hər vəcdlə onu beynəlxalq birliyə “satmaq” istəsə də, hələ ki, uğur qazana bilmir. Bunun bir səbəbi layihənin qeyri-ciddiliyi ilə bağlıdırsa, digər səbəbi isə Azərbaycansız onun həyata keçməsinin mümkün olmamasındadır. Çünki bütün regional layihələr rəsmi Bakının cızdığı sərfəli və hamı üçün məqbul sayılan coğrafi trayektoriyalarla irəli gedir. Regionda Azərbaycanın iştirakı olmadığı hansısa planın və ya layihənin baş tutması mümkün deyil. Prezidentimizin də bəyan etdiyi kimi Ermənistanın bu dırnaqarası layihəsinin Azərbaycansız iki qəpiklik qiyməti yoxdur.

Azərbaycan ayrılmaz hissəsi olan Naxçıvanla və Türkiyə ilə alternativ nəqliyyat bağlantılarını unikal tərzdə təmin etdiyi, ikinci avtomobil körpüsünün inşasını həyata keçirdiyi kimi, Ermənistansız əlavə yeni kommunikasiyalar qurmağa da qadirdir. Neçə illərdir ki, bütün əməkdaşlıq proqramlarından kənarda qalan, öz məntiqsiz və ağılsız iddiaları ilə özünü təcriddə saxlayan Ermənistan isə rəsmi Bakının yaratdığı bu əməkdaşlıq koridorlarına yan baxmaqla gələcək kommunikativ bağlantılara inteqrasiyalara qıfıl asmış olur.

Cənab Prezidentin vurğuladığı kimi “Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz”.

Bütün bunlara rəğmən, Azərbaycan öz tarixi coğrafiyasından Naxçıvanla bağlantını təmin etmək üçün öz prinsipial səylərindən geri çəkilmək niyyətində deyil və Zəngəzur dəhlizinin reallaşması üçün inadlı planlarını davam etdirir.

Bu dəhlizin açılması üçün praktiki addımlar atılır və beynəlxalq nəqliyyat gündəliyinə daxil edilmiş bu kommunikasiya öz yerini tutacaq. Azərbaycanın yaratdığı və yaradacağı yeni reallıqlar regionun nəqliyyat xəritəsinə davamlı olaraq yeni ştrixlər əlavə edir, bölgənin coğrafiyası və logistika xəritəsi dəyişməkdədir. Bu kontekstdən Zəngəzur dəhlizinin Orta Dəhliz zəncirinə qoşulması, Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcəyinə dərin nikbinlik mövcuddur.

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Azərbaycanın regional mərkəz olmaqla yanaşı, özünün daxili infrastrukturlarını gücləndirən, ən müasir nəqliyyat layihələri icra edən, azad ərazilərdə beynəlxalq tipli magistral qovşaqlar, hava limanları inşa edən güclü ölkə olması da diqqətdən qaçmadı.

Bəyan olunduğu kimi təkcə son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa olunub, yeni yollar salınıb. Respublikanın bütün bölgələrində müasir yollar inşa edilib, kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb. Son 20 il ərzində ölkə ərazisində 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib, 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib.

Hazırda Azərbaycanda Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala, Füzuli və Zəngilan kimi Beynəlxalq Hava Limanları fəaliyyətdədir, 9-cu hava limanı bu il Laçında istifadəyə veriləcək. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə nəqliyyat layihələri sürətlə həyata keçirilir. İndiyədək 3400 kilometrə yaxın yol ‒ 44 avtomobil yolu layihəsi icra edilib, 45 tunel, 447 körpü, 16 viadukun inşası nəzərdə tutulub. Onlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi və strateji baxışı sayəsində Azərbaycanın nəqliyyat proqramlarını uğurla icra etmək qüdrətinin göstəricisidir.