YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən qarşısında misilsiz xidmətlər

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

“Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır.” Ümummilli Lider Heydər Əliyev bu fikirlərin davamı olaraq bu çağırışı da etmişdir ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.

Ulu Öndərin gənclər siyasətinin uğurlu icrası bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Belə ki, hazırkı yeni nəsil bütün sahələrdə vətəndaşlıq mövqelərini sağlam düşüncə tərzi ilə təsdiqləyir, vətənpərvər, zamanın tələblərinə əməli fəaliyyətləri  ilə cavab verməyə hər zaman hazır olduqlarını bildirirlər. Tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərdi, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Gənclərimiz müasir dövrün yaratdığı imkanlardan maksimum bəhrələnərək Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlarının təbliğində fəal iştirak edirlər.

44 günlük İkinci Qarabağ müharibəsində gənclərin rolu həlledici oldu.  Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən, torpaq uğrunda irəli  gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir. Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Azərbaycan gəncləri azad, sabitlik olan, özünə güvənən, qalib ölkədə yaşayır. Ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olunub. Hazırda qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarımızda, Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Şuşada dalğalanır. Hazırda Qarabağımız və Şərqi Zəngəzurumuz müasir tələblər səviyyəsində yenidən qurulur. Azərbaycan gəncləri yeni ideyaları, təşəbbüsləri ilə bu işlərə dəstəkdir. Suverenliyimizin bərpası ilə yeni dövrə qədəm qoymuşuq. Yeni dövr gənclərimizə yeni çağırışlar edir.

Möhkəm təməl, özünəgüvən hissi gənclərimizin sonrakı illərdə daha böyük fəallıq nümayiş etdirmələrinə stimul oldu. Gənclərin fədakarlığının, qəhrəmanlığının təqdimatı olan tarixi Zəfərimiz özündə belə bir çağırışı ehtiva edir ki, gənclərimiz bu şanlı Qələbə ilə azərbaycançılıq ideologiyasına nə qədər bağlı olduqlarını, torpağı, Vətəni canlarından artıq sevdiklərini nümayiş etdirməklə hər zaman üzərilərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməyə hazırdılar.

Hansı sahəyə diqqət yetirsək gənclərimizin töhfələrini görərik. Buna əsas verən təbii ki, gənclərimizin bilikli, savadlı olmaları, daim yeniliyə, təkmilləşməyə maraq göstərmələridir. Dövlətimizin siyasətində təhsil əsas yer tutur. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra uğurlu təcrübəni davam etdirçişdir. Belə ki, təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirildi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsi idi. Son 21 ildə bu ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın özünü dünyaya innovasiyalar ölkəsi kimi təqdim etməsində aydın ifadəsini tapır.