Xəbərlər
Demokratik, şəffaf və azad seçkilər...
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naftalan şəhəri, Naftalan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov ölkəmizdə artıq beşinci dəfə keçirilən bələdiyyə seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının seçki proqramı haqqında ətraflı məlumat verib. O, bildirib ki, 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində qəbul olunmuş Konstitusiyada bələdiyyələrin hüquq və vəzifələri öz əksini tapıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və bütün sahələri əhatə edən islahatlar həm də bələdiyyə institutunun işinə öz müsbət təsirini göstərib.
Seçki qərargahının üzvləri Elsivar Qəmbərov və Yavər Aslanov 2019-cu ildə keçirilən son bələdiyyə seçkilərindən sonra yerli özünüidarəetmə orqanlarının inkişafı üçün mühüm addımlar atıldığını bildiriblər. Vurğulanıb ki, müstəqilliyin bərpasından sonra keçirilən bütün seçkilərdə YAP inamlı qələbə qazanaraq xalqımızın rifah halının yaxşılaşmasına töhfələr verib. Növbəti bələdiyyə seçkilərinə yüksək səviyyədə hazırlaşan YAP bu dəfə də seçicilərin etimadını qazanacaq.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.