YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı hörmətə və etimada söykənən əlaqələr

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycanda işgüzar səfərdə oldu. Bu səfər dövlətimizin xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verdiyini bir daha təsdiqlədi. Azərbaycan-Gürcüstan əlaqələri möhkəm təməl üzərində uğurla inkişaf edir. Bu əməkdaşlıq tarixi köklərə söykənir.

İki ölkə arasında əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik zəngindir. Bu gündəliyə uyğun olaraq Azərbaycan-Gürcüstan əməkdaşlığı bütün sahələr üzrə uğurla davam etdirilir və yeni imkanlar yaranır. Dövlətimizin başçısı İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarında iki ölkənin əlaqələrinin gələcək inkişafını özündə əks etdirən gündəliyə diqqət yönəltdi və hədəfləri açıladılar.

Xüsusilə, Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Cənab İlham Əliyevin “Biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür” fikirlərinin davamı olaraq Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirdi ki, Prezident İlham Əliyev  bağlantı layihələrini qeyd etdi. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq.

İrakli Kobaxidze onu da qeyd etdi ki, iqtisadi-ticari sahə də çox vacibdir. Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır.  Tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var: “Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək”.

Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Hazırda hər bir sahədə əlaqələrin daha da möhkəmlənməsi üçün geniş imkanlar mövcuddur. Qarşılıqlı hörmətə və etimada söykənən bu əlaqələr nümunədir.

İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar. Energetika sahəsində iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Dövlətimizin başçısı bildirdi: “Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaq”.

Gürcüstanın Baş naziri keçilən yolun təhlili əsasında böyük inamla vurğuladı ki,  Azərbaycan  bizim üçün təkcə dəyərli dost deyil, etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.