Xəbərlər
Xəzər seçiciləri bələdiyyə seçkilərində fəallıq nümayiş etdirəcək

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Xəzər rayonu, Zirə və Qala bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Xəzər rayonu sakinlərinin əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq nümayiş etdirəcəklərini, bu siyasi kampaniyanın da mütəşəkkilliklə keçirilməsinə nail olacaqlarına əmin olduğunu bildirib.
Tədbirdə çıxış edən təşviqat qrupunun üzvləri Balaəli Əliyev, Ağahüseyn Salmanov, Qədir Nəcəfzadə, Tamilla Məmmədova və bələdiyyə üzvlüyünə namizədlər Anar Hüseynli, Mahir Novruzov son illərdə əldə edilən nailiyyətləri müasir dövrün tələblərinə uyğun olaraq Yeni Azərbaycan Partiyası üçün çağırış kimi qiymətləndiriblər.
Qeyd edək ki, Xəzər rayonu, Buzovna və Binə bələdiyyələri üzrə namizədlərin seçicilərlə məhəllə görüşləri də keçirilib. Görüşlər zamanı seçicilər YAP fəaliyyəti dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.