Xəbərlər
YAP-ın bələdiyyə seçkilərində uğur qazanacağı şəksizdir
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağsu rayonu, Kəndoba bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüş zamanı YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, YAP siyasi sistemin aparıcı qüvvəsidir: “Partiyamız indiyə qədər keçirilmiş bütün seçkilərdə fəal iştirak edərək inamlı qələbələr qazanıb”. Rayon təşkilatının sədri YAP-ın növbəti bələdiyyə seçkilərinə də yüksək səviyyədə hazırlaşdığını və xalqın dəstəyi ilə növbəti qələbəsinə imza atacağını əminliklə vurğulayıb: “YAP-ın bu bələdiyyə seçkilərində də uğur qazanacağı şəksizdir”.
Seçki qərargahının üzvü Vaqif Nəzərov, bələdiyyə üzvlüyünə namizədlər Mirfazil Mirhəsənli və Qiyasəddin Mirzəyev çıxışlarında ardıcıl xarakter daşıyan islahatların bütün sahələrdə davamlı yüksəlişi təmin etdiyini, eyni zamanda bələdiyyə institutunun inkişafı üçün münbit zəmin formalaşdıraraq geniş imkanlar və yeni prespektivlər yaratdığını bildiriblər.
Görüşdə seçicilər Abdulla Həsənov, Qəfər Gözəlov və başqaları çıxış edərək YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar.