YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqlarımız arasında ənənəvi dostluq davam edir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Xarici siyasətimizin prioritet istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Azərbaycan qonşu dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə işgüzar səfəri bunun bariz nümunəsidir. Qarşılıqlı səfərlər əlaqələrin daha da möhkəmlənməsində öz sözünü deyir.

Dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev ötən dövr ərzində  Gürcüstana 1 dövlət, 1 rəsmi, 9 işgüzar olmaqla  ümumilikdə 11 səfər edib.  Son rəsmi səfər  2015-ci ildə, işgüzar səfər isə  2023-cü ildə həyata keçirilib. Gürcüstanın sabiq Prezidenti xanım Salome Zurabişvili isə ölkəmizə 1 rəsmi, 1 işgüzar səfər etmişdir. Rəsmi səfər  2019-cu ildə, işgüzar səfər isə  IX Qlobal Bakı Forumunda iştirak etmək üçün  2022-ci ildə baş tutmuşdur. Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə 2024-cü ilin 11 noyabr tarixində ölkəmizdə  işgüzar səfərdə olmuşdur.

Hər bir səfər münasibətlərin dünəninə baxış əsasında yeni səhifənin açılmasıdır. Qeyd edək ki, İrakli Kobaxidzenin bu səfəri Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfərdir. Cənab İlham Əliyev təkbətək və geniş tərkibdə görüşlərdə, eyni zamanda, mətbuata birgə bəyanatlarında səfərin bu baxımdan əhəmiyyətini xüsusi qeyd etdi. “Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz” söyləyən cənab İlham Əliyev bildirdi ki,  görüşlərimizin müntəzəm xarakter almasından çox şadam: “Biz Sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir”.

Bu mühüm məqam da xüsusi qeyd edildi ki, səfərin xüsusi əhəmiyyəti var. Çünki qeyd etdiyimiz kimi, bu, Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra  İrakli Kobaxidzenin  ilk xarici səfəridir. Təbii ki, bu, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir.

Əsrlər boyu xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır. Bu gün də  belədir. Bu, həm ölkələrimiz, eyni zamanda, Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkələrdir. Xalqlarımız arasında ənənəvi dostluq davam edir. Hər iki tərəf əlaqlərin yeni istiqamətlər üzrə inkişafında maraqlıdır və birgə addımları ilə buna yüksək səviyyədə nail olurlar. Dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin  möhkəmləndirilməsinə davamlı töhfələri daim yüksək dəyərləndirilir. Gürcüstanın Baş naziri “Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur” fikirləri ilə bunu bir daha təsdiqlədi.

Qeyd edək ki, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.  Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri bu illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Ümummilli Lider Heydər Əliyevin və Prezident Eduard Şevardnadzenin dostluq münasibətləri bu əlaqələri inkişaf etdirməyə əhəmiyyətli təkan verib. Ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər həyata keçirilib, indiyədək ölkələrimiz arasında 123  sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq əlaqələrindən, hər iki dövlətin birgə həyata keçirdiyi iqtisadi layihələrdən geniş bəhs edərək bildirdi ki,  Orta Dəhliz layihəsini müzakirə etdik. Ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də  uğurla başa çatdıracaq: “Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk”.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, iki ölkə arasında nəqliyyat, enerji təhlükəsizliyi, ticarət sahələrində əməkdaşlıq, qarşılıqlı sərmayə qoyuluşu Cənubi Qafqaz regionunun gələcəyinə böyük töhfələr verir. Azərbaycan və Gürcüstan arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün yeni imkanlar yaranır.