YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun daha 2 xidməti elektronlaşdırıldı

Dövlət Sosial Müdafiə Fondunda elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.

Bu, oktyabrın 9-da yeni istifadəyə verilən “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətlərinin təqdimat mərasimində qeyd olunub.

Mərasimi giriş sözü ilə açan Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Zakir Babayev bildirib ki, ölkəmizdə davamlı və dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından geniş istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. Dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi, elektron xidmətlərdən istifadə imkanının artırılması üçün ictimai çıxış məntəqələri şəbəkəsinin genişləndirilməsi, vətəndaşların “elektron hökumət” üzrə məlumatlılıq səviyyəsinin yüksəldilməsi başlıca prinsiplərdəndir. Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin kütləviləşməsi, beynəlxalq təcrübəyə əsaslanan elektron hökumətin formalaşması və inkişafı sahəsində mühüm tədbirlər reallaşdırılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində əhəmiyyətli uğurlar qazanılıb.

Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondunun öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışdığını deyən Z.Babayev əhaliyə göstərilən xidmətlərin, vətəndaşların müraciətlərinə baxılması işinin müasir dövrün tələblərinə uyğun şəkildə səmərəli təşkili və davamlı təkmilləşdirilməsinin Fond üçün prioritet olduğunu vurğulayıb. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən çox hissəsini əhatə edir və Fondun məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 136 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.

Müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirilməsi və əhalinin elektron xidmətlərə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər davam etdirilib. 2015-ci ilin ötən dövründə bu məqsədlə çoxsaylı mərkəzi və regional təqdimatlar, kütləvi informasiya vasitələri arasında müsabiqə keçirilib, elektron xidmətlər mövzusunda xüsusi reklam çarxı televiziya kanallarında yayımlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin hesabatlarının elektron formada qəbulunu təmin etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondunun bütün yerli orqanlarında yardım masaları fəaliyyət göstərib.

“Elektron hökumət” portalının statistikasına əsasən Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasındadır. 2015-ci ilin 9 ayı ərzində Fondun öz saytı, “Elektron Hökumət” portalı və “Hökumət ödəniş portalı” vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artıqdır. Sosial sığorta haqlarının ödənişi və hesabatlılığı sahəsində avtomatlaşdırma nəticəsində Azərbaycan “Doing Business 2015” hesabatında 32 pillə irəliləyib. Bu sahədə ardıcıl tədbirlərin həyata keçirilməsi nəticəsində Fondun Aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 27 faiz azalıb.

Bildirilib ki, təqdim edilən hər iki elektron xidmət müvafiq olaraq, ailə kəndli təsərrüfatlarının və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin sığortaedən kimi uçota alınaraq, onlara “Sığortaedənin uçot nömrəsi”nin verilməsini nəzərdə tutur. Bu xidmətlərin istifadəyə verilməsi sığortaedənlərin uçota alınma prosesinə sərf olunan vaxtın minimuma endirilməsi ilə yanaşı, bu prosesin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır.

Sonra təqdimatla çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Maliyyə şöbəsinin müdir müavini Emil Əfəndiyev xidmət barədə məlumat verərək bildirib ki, bu xidmətlər interaktiv olmaqla yanaşı xidmətlərdən istifadə ödənişsizdir. Təqdimat mərasimində “Ailə kəndli təsərrüfatının onlayn uçota alınması” və “Kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması” elektron xidmətlərinin üstünlüklərindən geniş bəhs olunub. Bu xidmətlərdən istifadə kağız daşıyıcılarından istifadə ilə yanaşı vaxt itkisinin aradan qalxmasına, eyni zamanda şəffaflığın təmin olunmasına gətirib çıxaracaq.

Tədbirdə Fondun yeni elektron xidmətlərindən istifadə qaydaları da nümayiş etdirilib.

 

DİGƏR Xəbərlər Arxiv