Xəbərlər
“20 Yanvar. Danışan talelər”
Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar faciəsindən 35 il ötür. Xalqımız bu tarixi unutmur və faciə qurbanlarının xatirəsini hər il hüznlə anır.
20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı Tədbirlər Planına uyğun olaraq Xocavənd rayon mədəniyyət evində “20 Yanvar. Danışan talelər” sənədli filminin təqdimatı olub.
Tədbirdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd sektorunun müdiri Aslan Quliyev, idarə və təşkilatların əməkdaşları, gənclər, yuxarı sinif şagirdləri iştirak edib.
Tədbirdə bildirilib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan gəncliyi müstəqillik, Vətən sevgisi və sədaqət ruhunun təməlini qoyaraq, bu dəyərləri gələcək nəsillərə ötürdü. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan şanlı ordumuzun sıralarında böyük şücaət göstərən gənclər həmin irsi davam etdirərək milli qürurumuzu ucaltdı. Bugünkü nəsil 20 Yanvar faciəsinin canlı şahidi olmasa da, hər il dövlət səviyyəsində anılan bu tarixi hadisə qan yaddaşımız kimi gənclərin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. Gənclər müasir geosiyasi proseslər fonunda milli maraqlarımıza qarşı hər hansı təhdidə qarşı hazırlıqlı olmaqla yanaşı, qalib xalqın qalib lideri İlham Əliyevin ətrafında sıx birləşiblər.