YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın milli kimliyinin formalaşması

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı bir faciə törədildi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ ordusunun qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Xalqın qanına susamış cəlladlar yaralılara köməyə gələn tibb işçilərini, hətta az yaşlı uşaqları da qətlə yetirdilər.

Bakı, Neftçala və Lənkəranda dinc əhaliyə məxsus minik maşınları tırtılların altında qalmış və “sülhün müdafiəçisi” kimi qələmə verilən əsgər və zabitlər görünməmiş vəhşiliklərə əl atmışdılar. Həmin vaxt Bakının xarici aləmlə əlaqəsinin kəsilməsi üçün bütün vasitələrdən istifadə olunmuşdur. Hadisələrin gedişatı göstərdi ki, bu faciəyə çoxdan hazırlıq görülmüş, silahlı müdaxilənin bütün detalları dəqiqliklə hesablanmışdır. Yanvarın 20-də səhər tezdən Bakıda fövqəladə vəziyyət elan edildi. Yalnız yanvarın 21-də baş vermiş faciə haqqında radio ilə məlumat verildi.

O zaman Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək sərt bəyənatla çıxış etdi, baş vermiş faciənin bütün detalları haqqında ictimaiyyətə məlumat verdi və M.Qorbaçov komandasından bu hadisələrə siyasi qiymət verilməsini tələb etdi. Bakıda baş vermiş bu hadisədən dünya ictimaiyyəti yalnız Ümummilli Liderin sərt reaksiyasından sonra xəbər tutdu. Lakin nə SSRİ hökuməti, nə də dünya ölkələri bu hadisəyə siyasi qiymət vermədilər. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla belə həmin faciə günündə törədilmiş cinayətlər haqqında əsl həqiqətlər üzə çıxdı.

Ulu Öndər fəaliyyəti dövründə keçirdiyi görüşlərdə, iştirak etdiyi beynəlxalq tədbirlərdə 20 Yanvar faciəsi ilə bağlı SSRİ rəhbərliyinin terrorçu siyasətini ifşa edib. Bu gün beynəlxalq səviyyədə 20 Yanvar faciəsinin xatırlanmasında Ulu Öndərin böyük xidmətləri danılmazdır. O, bildirib ki, xalqımızın Qanlı Yanvar adlandırdığı 20 Yanvar faciəsi Azərbaycanın müstəqillik və suverenlik üçün apardığı mübarizənin başlanğıcıdır.

Hər il 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü kimi qeyd edilir. Bu hadisənin faciəvi nəticələri ilə bərabər, xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyan bir hadisə olması qeyd edilir. Yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazilərində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.

İllər keçəcək, əsrlər bir-birini əvəz edəcək, lakin 1990-cı ilin 20 Yanvar faciəsi xalqımızın yaddaşından heç vaxt silinməyəcək. 35 ildir 20 Yanvar şəhidlərinin məzarları xalqımız tərəfindən ehtiramla ziyarət olunur. Ən əsası Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqilliyin əldə edilməsində görüb.