Xəbərlər
Ümumxalq partiyasının fəaliyyəti təqdirlə qarşılanır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Oğuz rayonu, Padar bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, Yeni Azərbaycan Partiyasının ən mühüm uğurlarından biri iştirak etdiyi bütün seçkilərin qalibi olmasıdır. Vurğulanıb ki, məhz buna görə YAP-ı haqlı olaraq qələbələr partiyası adlandırırlar.
Seçki qərargahının üzvləri Ehtibar Yusubov, Mehman Ramazanov, bələdiyyə üzvlüyünə namizədlər Məhəmməd Yolçuyev, Eynur Ağammədov, Aynurə Səfərova, Eyvaz Şahsöyunov və Vahid Yusubov çıxışlarında vurğulayıblar ki, bələdiyyə islahatları yerli idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən mühüm addımlardandır. Qeyd olunub ki, mütərəqqi bələdiyyə islahatları yerli özünüidarəetmə orqanlarının hüquqi və maliyyə müstəqilliyinin artırılması, əhaliyə daha yaxın xidmətlərin göstərilməsini təşviq etmək məqsədini daşıyır.
Seçicilər Arif Məmmədov, Əvəz Zakirov, Savalan Eldarlı və digərləri qarşıdan gələn bələdiyyə seçkilərində ümumxalq partiyası olan YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, həmin gün YAP-ın namizədləri Oğuz şəhəri, Xalxal, Ərmənət, Kərimli, Sincan, Qumlaq, Mollalı, Bucaq, Böyük Söyüdlü və Çaldaş kəndlərində də seçicilərlə fərdi görüşlər keçiriblər.