Xəbərlər
Elin Süleymanov: ABŞ Azərbaycanla daha aydın, obyektiv və konstruktiv siyasət aparmalıdır
ABŞ-ın Vaşinqton və Annapolis şəhərlərində Azərbaycana həsr olunmuş tədbirlər keçirilib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
ABŞ paytaxtının əsas diplomatik nəşri olan “The Washington Diplomat” qəzeti tərəfindən 6 oktyabr tarixində Vaşinqtonda Azərbaycana aid seminar keçirilib. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla açıq müsahibə formatında keçirilən tədbirdə Vaşinqtonun siyasi, diplomatik və biznes dairələrinin çoxsaylı nümayəndələri iştirak edib. “The Washington Diplomat” qəzetinin bu yeni təşəbbüsünün ilk tədbiri məhz Azərbaycana həsr olunub.
Bir gün sonra səfir E.Süleymanov Merilend ştatının paytaxtı olan Annapolis şəhərinin Beynəlxalq Klubunun yüzdən artıq üzvü qarşısında sonuncuların dəvəti ilə çıxış edib.
Vaşinqtonda keçirilmiş tədbir zamanı qəzetin aparıcı jurnalisti olan Lari Luksnerin suallarına cavab verərək səfir, Azərbaycanın müstəqilliyinin yenidən bərpa edildiyindən sonra ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində gözəçarpan inkişaf yolu qət etdiyini bildirib, ölkənin nailiyyətlərindən söz açıb. Hər iki tədbirdə, diplomat Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti kimi irimiqyaslı layihələrin uğurla həyata keçirildiyinin yalnız Azərbaycan deyil regionun digər ölkələrinin inkişafına da töhfə verdiyini qeyd edib.
Azərbaycanın iqtisadi inkişafından bəhs edən səfir ölkənin zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, Prezident İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində əsas prioritetlərdən birinin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsinin olduğunu bildirib və bu siyasətin uğurla həyata keçirildiyini vurğulayıb. Azərbaycanda və ölkənin iştirakı ilə regionda böyük infrastruktur layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s. tikintisinin həyata keçirildiyi tədbirlərin iştirakçılarının diqqətinə çatdırılıb.
Diplomat eyni zamanda, Azərbaycanın dünyada nümunəvi tolerantlıq örnəyi, sivilizasiyalar və mədəniyyətlərarası dialoq məkanı, zəngin multikultural ənənələrə malik ölkə kimi tanındığını, burada müsəlman, xristian və yəhudilərin əsrlər boyu tolerantlıq və dostluq şəraitində yaşadıqlarını söyləyib.