Xəbərlər
Biz Qarabağı cənnətə çevirəcəyik
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin yanvar ayının 7-də jurnalistlərə vermiş olduğu müsahibə Azərbaycan ictimaiyətinin məlumatlandırılması və regionda marağı olan dünya güclərinə ünvanlanmış mesajlar olduqca mühüm ictimai-siyasi hadisə olaraq dəyərləndirilməlidir. Ölkə rəhbərinin adı keçən müsahibəsinə dünyanın müxtəlif məkanlarından verilən reaksiyalar yuxarıda qeyd olunan fikrin təsdiqi kimi qiymətləndirilə bilər. İştrakçı jurnalistlərin müxtəlif məsələlərə dair çoxsaylı suallara cənab Prezident İlham Əliyevin verdiyi cavablar səmimiliyi, əhatəliyi və diqqətçəkənliyi ilə seçilirdi. Azərbaycan xalqını maraqlandıran bütün suallara cənab Prezidentin söylədiyi fikirlərdə aydın cavab tapmaq mümkündür. Yalnız Azərbaycanda və bölgədə baş verən hadisələrə deyil, bütölükdə dünyada baş verən qlobal hadisələrə qədər bütün sahələrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aydınlıq gətirildi və münasibət bildirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ötən dövrdə əldə edilmiş uğurları qısaca xaraqterizə etməklə yanaşı qarşıya qoyulmuş hədəflər barədə münasibətlərini ifadə edərək Azərbaycan ictimayətini məlumatlandırılmış oldu.
Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məlum müsahibədə səsləndirdiyi fikirlər dünyanın siyasi dairələrində müzakirə mövzusuna çevrildi. Qardaş Türkiyənin demək olar ki, bütün televiziya kanallarında ölkə Prezidenti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi müzakirə edilərək birmənalı şəkildə dəstəkləniyinin şahidi olduq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi qətiyyətli mövqe iki qardaş dövlət-Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da yaxınlaşmasına müsbət təsirini göstərmiş oldu. Dünya azərbaycanlılarının, bütövlükdə türk dünyasının ölkə başçısının söylədiyi fikirlərə reaksiyalarını müşahidə etdikcə bir azərbaycanlı olaraq hər birimiz dövlət başçımız cənab İlham Əliyevlə qürur duyur, fərəh hissi keçiririk.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurulması ilə bağlı Respublika Prezidentinin səsləndirdiyi fikirlər hər birimiz üçün diqqət mərkəzində olan məsələlərdəndir. Jurnailst Vüsal Mətləbin: “Cənab Prezident, indi söylədiyiniz fikirlərin davamı olaraq soruşmaq istəyirəm. Ermənistanın silahlanma yarışı və bəzi ölkələr tərəfindən, bəzi qüvvələr tərəfindən Ermənistanın cidd-cəhdlə silahlandırılması təbii ki, regionun təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Ancaq bizi maraqlandıran, qayğılandıran başqa bir məsələ də var. Bizim Böyük Qayıdış və bərpa-quruculuq məsələsi. Bu proses bizim böyük qayıdışımıza mane olmayacaq ki, ləngiməyəcəyik ki?” sualına cənab Prezident İlham Əliyevin verdiyi cavabda respublika ictimayətini maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilmişdir. Qeyd olunan suala cavabında cənab Prezident İlham Əliyev bildirmişdir: “ Əlbəttə, müəyyən dərəcədə mane olur. Çünki böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, mən deyə bilərəm ki, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi, əgər biz yenə də potensial təhlükə ilə üz-üzə qalmasaydıq. Ona görə əlbəttə ki, bu vəsaitin bir hissəsi gedəcəkdi Qarabağın bərpasına, bir hissəsi gedəcəkdi digər bölgələrin inkişafına, bir hissəsi gedəcəkdi sosial proqramlara. Amma buna baxmayaraq, Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə.
Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Biz əsas infrastruktur layihələrini yəqin ki, bir-iki ilə başa çatdıracağıq. Ən çox vəsait bu layihələrə gedir. Çünki 60 kilometrdən çox tunellər, körpülər, elektrik stansiyaları, su anbarları inşa edilir. Biz artıq orada 30-dan çox su elektrik stansiyasını işə salmışıq, dəmir yolları çəkmişik. Yəni, bütün bunlar əsas maliyyə yükü götürür. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Amma yenə də əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Yəni, biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk. Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni, resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Yəni, biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Yəni, bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var. Onu da bildirməliyəm ki, bütün yaşayış məntəqələrinin layihələndirilməsi və ərsəyə gəlməsi ən yüksək standartlara cavab verir. İndi gedin, istənilən yaşayış yerinə baxın, nə qədər rahat evlər, istər mənzil olsun, istər fərdi ev olsun, bütün infrastruktur, iş yerləri. Artıq iki sənaye parkı fəaliyyət göstərir. Təsəvvür edin, Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə məhsul ixrac edir.
Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid bir böyük məkana çevrilməlidir, halbuki bu, bizim bölgüyə görə üç regiondur. Amma, eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Məsələn, biz bu il Naxçıvan və Ordubad şəhərlərinin Baş planlarının hazırlanmasına da başlayırıq. Ondan sonrakı illərdə Naxçıvan Muxtar Respublikasının digər şəhərlərinin Baş planlarının hazırlanmasına başlayacağıq. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. Ümumi rəqəmləri gətirməklə kifayətlənirəm. Amma hesab edirəm ki, Azərbaycan televiziyaları və digər mətbu orqanları orada gedən prosesləri kifayət qədər işıqlandırırlar. Əlbəttə, istərdim ki, daha da çox işıqlandırsınlar. Çünki orada hər gün nəsə dəyişir, hər gün nəsə tikilir, hər həftə keçmiş köçkünlər oraya qayıdırlar. Ona görə bizim mətbuat o bölgədə gedən proseslərlə nə qədər çox maraqlansa və bunu işıqlandırsa, o qədər də yaxşı olacaq.
İşğaldan azad edilmiş ərazilərdə qısa müddət ərzində görülmüş bərpa, tikinti və yenidənqurma işləri, icra edilmiş layihələrin həcmi və keyfiyyəti cənab Prezidenti İlham Əliyevin Qarabağın cənnətə çevriləcəyi ilə bağlı səsləndirdiyi fikrin təsdiqidir. İşğaldan azad edilmiş digər rayonlarla yanaşı ermənilər tərəfindən xarabazarlığa çevrilmiş, “Xocalı soyqırımı” adlı erməni vəhşiliyinə şahidlik etmiş Xocalı şəhərinin və ətraf yaşayış məntəqələrində aparılan tikinti-quruculuq işlərinin şahidi olduqca hər birimizin qəlbi fərəh hissi ilə dolur. Xocalıda və ətraf yaşayış məntəqələrində heç zaman mövcud olmuş yol infrastrukturu,kommunikasiya xətləri yaradılır. Bununla yanaş rayonlardan olan keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı prosesinə başlanmış, Xocalı şəhərinə və Xocalı rayonunun Ballıca kəndinə artıq qayıdışın ilkin mərhələsi təmin edilmişdir. Adları çəkilən yaşayış məntəqələri ilə yanaşı Xocalı rayonunun Xanyurdu, Daşbulaq, Seyidbəyli, Təzəbinə, Xanabad, Naxçıvanlı, Şuşakənd, Malıbəyli kəndlərinə və Əsgənar qəsəbəsinə əhalinin mərhələli şəkildə qayıdışı təmin ediləcəkdir.