Xəbərlər
Uzaqgörən siyasətin nəticəsi
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nərimanov bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədr müavini, təşviqat qrupunun üzvü Anar Abbasov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verməklə yanaşı, bütün seçiciləri qalib partiyanın namizədlərinə səs verməyə çağırıb.
Bələdiyyə üzvlüyünə namizədlər Təmraz Tağıyev, Əliyar Həsənov, Aytən Yusifli, təşviqat qrupunun üzvü Sərtac Atlas və digərləri çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili siyasət nəticəsində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Seçicilər YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində YAP Nərimanov rayon təşkilatının rəhbərliyi və YAP-ın namizədləri Vətən müharibəsi şəhidləri Sinan Məmmədovun və Elnur Hacıyevin ailələrini də ziyarət ediblər. Çıxışlarda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə diqqət və qayğısından danışılıb, onların problemlərinin həllinin dövlətin prioritet məsələlərdən biri olduğu vurğulanıb.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.