Xəbərlər
Çağdaş tarixin yeni şanlı səhifəsi
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu Beyləqan, Birinci Şahsevən və İkinci Şahsevən bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşlərdə çıxış edən YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov əvvəlcə YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verib. O, Azərbaycanın bütün sahələrdə davamlı uğurlara imza atdığını deyib. Qeyd olunub ki, Azərbaycan öz tarixinin ən qüdrətli dövlətinə çevrilib. Prezident İlham Əliyev özünün qətiyyətli siyasəti ilə xalqımızın şərəf salnaməsinə çevrilən, bizi gələcək nəsillərimiz qarşısında başıuca edən yeni tarix yazıb.
Seçki qərargahının üzvləri Nazim Məmmədov, Niyaməddin Əsgərov və bələdiyyə üzvlüyünə namizədlər Novruz Quliyev, Ayaz Quliyev, Elçin Əhmədov, Elburus Şirinov, Elşən Cəfərov və Azad Məmmədov seçiciləri 29 yanvar seçki məntəqələrinə gedərək xalqa Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Görüşlər zamanı seçicilər Etibar Quliyev, Şöhlət Babayev və Əziz Əkbərov YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.