Xəbərlər
Prezident İlham Əliyev: Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq
«Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur. Sosial sahə nə deməkdir? İnsanları narahat edən, onları maraqlandıran, problemlərini həll edən bir sahədir. Baxmayaraq ki, 2015-ci il iqtisadi cəhətdən ağır il olmuşdur, - il artıq başa çatır, - heç bir sosial proqramda yubanma olmamışdır». Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 6-da Göyçay rayonuna səfəri çərçivəsində rayon Mərkəzi Xəstəxanasının kollektivi və ictimaiyyət nümayəndələri ilə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib ki, güclü iradə olan yerdə hər şey etmək mümkündür. «Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm»- deyən, Prezident İlham Əliyev qeyd edib ki, bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq.
«Bu gün dünyada gedən prosesləri biz hamımız izləyirik. Görürük ki, bizim bölgədə hansı faciəli, dəhşətli hadisələr baş verir. Azərbaycanda sabitlik, inkişaf, rifah, təhlükəsizlik təmin edilir. Hər şey müqayisədə müəyyən olunur. Yaxşı vaxtlarda adama elə gələ bilərdi ki, elə hər yerdə yaxşıdır. Ancaq bu gün baxın, bizim region, Orta Şərq, Avropa böhran içindədir. İndi bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. O ölkələr bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Ancaq bizim bəyan etdiyimiz dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük, tolerantlıq, sosial-iqtisadi inkişaf və öz gücümüzə güvənməyimiz bizim inkişafımızı şərtləndirən əsas amillərdir»- deyə, Prezident İlham Əliyev vurğulayıb.