Xəbərlər
“Türk axını” layihəsinin bir il gec həyata keçirilməsi istisna deyil
“Qazprom” “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsinin bir il gec həyata keçirilməsini istisna etmir.
Bu sözləri “Qazprom”un vitse-prezidenti Aleksandr Medvedev deyib. O, layihənin bir il gec reallaşdırılması ilə hər hansı bir pis hadisənin baş verməyəcəyini bildirib.
A.Medvedev Rusiya ilə Türkiyə arasında hökumətlərarası sazişin imzalanmasının vaxtının “Qazprom”dan asılı olmadığını qeyd edib: “Türkiyədə hökumətin formalaşması üçün müəyyən vaxt lazımdır, əvvəlcədən nə isə demək çox çətindir”.
Qeyd edək ki, ötən gün “Qazprom” “Türk axını” qaz boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verib.
Əvvəllər “Türk axını” layihəsi ilə 63 milyard kubmetr Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulurdu. Bu həcmin 47 milyard kubmetrinin Avropanın, 16 milyard kubmetrinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihə üzrə ümumilikdə 4 kəmərin təxminən 11,4 milyard avro dəyərində olduğu bildirilirdi.