YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nümunəvi inkişaf modeli

Elçin Quliyev

YAP Nərimanov rayon təşkilatının sədri

Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan artıq regionda yeni reallıqlar yaradıb. Eyni zamanda, dövlətimiz davamlı olaraq təhlükəsizlik tədbirləri görür, öz hərbi və iqtisadi gücünü artırır. Bütün bunlar müstəqil dövlətimizi beynəlxalq təhdidlərdən qorumaq üçün vacib amildir. Eyni zamanda, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bölgədə sülhün təmin olunması üçün dövlətimizin mövqeyini bir daha bəyan edib.

Cənab İlham Əliyev müsahibədə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı fikirlərini ətraflı şəkildə bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, yola saldığımız 2024-cü ilin sosial-iqtisadi yekunları olduqca qənaətbəxşdir. Ötən il iqtisadi inkişaf baxımından uğurlu il kimi yadda qalıb. Azərbaycanın iqtisadiyyatı öz sürətli inkişafını davam etdirib,  ümumi daxili məhsul (ÜDM) 4 faizdən çox artıb. Dövlət başçısının qeyd etdiyi kimi, bu göstəricilər iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı yürüdülən siyasətin mühüm nəticəsi olmaqla, öz müsbət təsirlərini göstərməkdədir. Ölkəmizin inkişafında qeyri-neft sektoru mühüm rol oynamaqdadır. Uzunmüddətli iqtisadi inkişaf ssenarilərinə əsasən, iqtisadi artımın əsas hərəkətverici qüvvəsi qeyri-neft gəlirləri olacaq.

Ötən ilin makroiqtisadi göstəriciləri təsdiqləyir ki, hazırda dünyada gedən proseslər və mürəkkəb qlobal mühit, ələlxüsus da geosiyasi vəziyyətə nəzərən ölkəmizin əldə etdiyi iqtisadi göstəricilər dayanıqlıdır. Eyni zamanda, beynəlxalq əmtəə bazarlarında dəyişkən qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi tam təmin olunmaqdadır. Bütün bunların təməlində isə düşünülmüş siyasət dayanır. Məhz bu mükəmməl strateji xəttə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirilməsi prioritetlərdən biri olacaq.

Dövlətimizin apardığı iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi istiqamətində əldə etdiyi nailiyyətlər aparıcı beynəlxalq reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. Azərbaycanın maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, məhz bu potensial hesabına 2024-cü ilin büdcəsi rekord səviyyədə təsdiq edilib və həmin resurslar hesabına bir çox sosial proqramlar icra edilib. Ələlxüsus da azad edilmiş ərazilərin bərpası ilə bağlı böyük vəsaitlər səfərbər olunub. İl ərzində Azərbaycanın valyuta ehtiyatları təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir. Bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı dövlətlərin sırasındadır. Eyni zamanda, Azərbaycanın borc yükü aşağı düşüb, birbaşa xarici borcun həcmi azalaraq hazırda ÜDM-in 7,2 faizini təşkil edir. Hazırda ÜDM-in xarici borca olan nisbətinə görə, Azərbaycan dünyada liderlər sırasındadır.

Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində ölkəmizdə icrasına başlanılan yeni sosial paketin parametrlərinə də toxunub. Qeyd edib ki, bu il yanvarın 1-dən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faizdir. Ölkəmizin qarşısında Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi böyük maliyyə xərclərinin dayandığı bir dövrdə sosial sahəyə xüsusi diqqət yetirmək dövlətin simasını, mahiyyətini göstərir. Dövlətin əsas məqsədi Azərbaycan vətəndaşlarının ildən-ilə daha yaxşı yaşamasına nail olmaqdır. Hökumət maliyyə imkanları artdıqca, ölkəmizin sosial-iqtisadi inkişafını paralel şəkildə nizamlayaraq əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlərin artımını təmin edəcək.