Xəbərlər
Xalqa layiqli xidmətin nümunəsi
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Nizami rayonunun Nizami bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov bələdiyyə institutunun inkişafını vurğulayaraq, onun cəmiyyətin idarəçiliyindəki rolunu qeyd edib. Təşkilat sədri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin şəffaflığını və demokratik şəraitini təmin etmək üçün bütün mümkün tədbirlərin görüldüyünü bildirib: “Bu, seçki prosesi zamanı ədalət və bərabərlik prinsiplərinə riayət olunmasının vacibliyini önə çıxarır. Bələdiyyə seçkiləri cəmiyyətin aktiv iştirakını stimullaşdırır, vətəndaşların öz səsini eşitdirmək üçün motivasiya yaradır”.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının təşviqat qrupunun üzvləri Ramil Mehdiyev, Bahadur Məmmədov, Nizami bələdiyyəsi üzvlüyünə namizədlər Yaşar Əliyev və Yeganə Abdullayeva son dövrlərdə yerli özünüidarəetmə qurumlarının inkişafı üçün əhəmiyyətli irəliləyişlər əldə edildiyini qeyd edib. Həmçinin bələdiyyələrin indiyə qədər müxtəlif vacib layihələrin icrasında müstəsna dəstək verdikləri vurğulanıb.
Seçicilər adından çıxış edən Fərid Mollazadə, Aysun Vəlizadə və başqaları seçkilərdə YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.