Xəbərlər
Azərbaycan yeni nəqliyyat və energetika xəritəsini yaradıb
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
44 günlük İkinci Qarabağ müharibəsindən dörd ildən artıq vaxt keçməsinə baxmayaraq tarixi Zəfərimizi, onun ardınca bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasını şərtləndirən amillər, Ordumuzun gücü, qüdrəti geniş şəkildə təhlil edilir. Bu gün Azərbaycan Ordusu daha güclü, qüdrətlidir. Şanlı Qələbəmizdən bu günədək olan dövrü təhlil etsək ordu quruculuğunun yenə də prioritet məsələ olduğunu görərik. Dövlət başçısı İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına ənənəvi müsahibəsində bir daha Azərbaycanın iqtisadi imkanlarının artması fonunda hərbi xərclərin də artdığını əsaslı şəkildə diqqətə çatdırdı. Bu məqam da xüsusi vurğulandı ki, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik. Ermənistan rəhbərliyinə dəfələrlə bildirilib ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək.
Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait ayrılıb. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. “Ancaq biz burada bir məsələni də nəzərə almalıyıq. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Oradan da birinci ödəmə edildi və bizdə olan məlumata görə, bu, son ödəmə deyil” söyləyən cənab İlham Əliyev digər narahatedici fakt kimi onu bildirdi ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər. Faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı. De-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz.
Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Dövlət başçısı İlham Əliyev bu çağırışı etdi ki, biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur.
Prezident İlham Əliyev müsahibəsində onu da qeyd etdi ki, Ermənistanın silahlanması Böyük Qayıdış və bərpa-quruculuq məsələsinə müəyyən dərəcədə mane olur. Çünki böyük vəsait hərbi və təhlükəsizlik məsələlərinə ayrılır. Əgər Ermənistanın silahlanma siyasəti olmasaydı, 8,4 yox, bəlkə də hərbi və təhlükəsizlik məsələləri üçün 4 milyard manat kifayət edərdi. Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir.
Sözügedən müsahibə Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Tarixi Zəfərimizdən sonrakı dövr ölkəmizin bütün sahələrdə yeniliyə, təkmilləşməyə nail olduğu mərhələdir. Xarici siyasət uğurlarımız da biri-birini əvəzləyir. Müstəqil siyasətimizin uğurları hazırkı reallıqlarda özünün aydın ifadəsini tapır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmalıyıq. Biz, sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur: “Biz indi belə görürük, yəni suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək. Bütün bunlar bizim, əslində, xarici siyasət xəttimizdir. Azərbaycan uzun illər bu siyasəti aparır. Biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq. Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil”.