Xəbərlər
Məqsədimizə çatacağımız gün uzaqda deyil
Ramiz Hüseynov
YAP İdarə Heyəyinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri
Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət kursumuz Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilir. Möhtərəm Cənab İlham Əliyev uzaqgörən, qətiyyətli siyasi lider olmaqla yanaşı, həm də sadə, səmimi, hər zaman media nümayəndələri ilə ünsiyyətə can atan, xalqının dərin hörmətini qazanmış bir dövlət başçısıdır. 7 yanvar 2025-ci ildə dövlət başçımız növbəti dəfə yerli televiziya kanallarına müsahibə verərək, media nümayəndələri tərəfindən ona ünvanlanmış çoxsaylı sualları ətraflı şəkildə cavablandırmış və ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən bir çox məsələlərə aydınlıq gətirmişdir. Cənab İlham Əliyevin aydınlıq gətirdiyi məsələlər həm xarici siyasətimiz, həm Azərbaycanın beynəlxalq məsələlərin həllində rolunun, nüfuzunun daha da artması, həm də Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına, o cümlədən Qərbi Zəngəzura qayıtması ilə əlaqədar idi.
Yerli televiziya kanallarına müsahibəsində ABŞ – Azərbaycan münasibətlərinə toxunan dövlət başçımız qeyd etdi ki, biz Amerika ilə əsas ciddi əməkdaşlıq platformasını Klinton və Corc Buş dönəmində yaratdıq. Yeni seçilmiş Prezident – Cənab Tramp tamamilə yeni gündəliklə hakimiyyətə gəlir. Onun ABŞ-a birinci Prezidentliyi dönəmində Amerika-Azərbaycan əlaqələrində heç bir problem yaşanmayıb. Əksinə, münasibətlər çox müsbət olub. Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika – Azərbaycan münasibətlərini Amerika – Ermənistan münasibətlərinin qurbanına çevirdi. O vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı. Cənab Tramp çox aydın, açıq mesajlar göndərir. Onların böyük əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür. Əgər hər iki tərəf maraqlı olsa Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik.
Ölkəmizin Avropa İttifaqı ilə münasibətlərinə toxunan Cənab İlham Əliyev bildirdi ki, bu təşkilatın Azərbaycana, onun milli maraqlarına münasibəti necə olacaqsa, bizim münasibət də buna adekvat olacaq. Əgər onlar, özləri dedikləri kimi, guya insan hüquqlarının pozulmasından danışırlarsa, bunu 20 il ərzində edə bilərdilər. Avropa Parlamentinin münasibəti əgər normal, konstruktiv olarsa, biz səmərəli məcraya qayıda bilərik. Azərbaycan müasir dövrdə bəzi ölkələr tərəfindən yürüdülən neokolonial siyasətə də öz qəti etirazını bildirir və bildirəcək. Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür.
Cənab İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz ata-baba yurdlarına qayıdışı məsələsini də diqqətdən kənarda qoymadı. Bu prosesin reallaşdırılması haqqında danışan dövlət başçımız əlavə etdi ki, indiki Ermənistan ərazisi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır. Bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzurda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Ermənistan, onun arxasında dayananlar bilsinlər ki, azərbaycanlılar təhlükəsizlik şəraitində Qərbi Azərbaycana və o cümlədən Qərbi Zəngəzura, tarixi ata-baba yurdlarına qayıtmayana qədər bu məsələ gündəlikdən çıxmayacaq.
Dövlətimizin və dövlət başçımızın mövqeyi tarixi ədalətin bərpasına əsaslanır. Bu tələb beynəlxalq hüququn norma və prinsiplərinə də tam uyğundur. Qarşımızda qoyduğumuz bu məqsədə çatacağımız gün uzaqda deyil.