Xəbərlər
Azərbaycan sülh istəyir
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi davamlı uğurlarında, dünyaya ünvanlanan çağırışlarında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində əsas diqqət göstərdiyi məsələlərdən biri Ermənistanın silahlandırılması, sülh müqaviləsinin imzalanması prosesinin uzanması oldu. Bildirdi ki, Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Biz, sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilmərik: “Mən bunu, eyni zamanda, Ermənistan rəhbərliyinə də dəfələrlə bildirmişdim ki, bu, yeni təhlükə yarada bilər. Eyni zamanda, bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Ona görə Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək”.
2025-ci ilin dövlət büdcəsində Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait ayrılıb. Cənab İlham Əliyev vurğuladı ki, bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı, bizim də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında Azərbaycanla rəqabət apara bilməz. Ermənistana bu silahlar ya pulsuz, ya da ki kredit şəklində verilir. O kreditlər də müəyyən dövrdən sonra silinir.
Prezident İlham Əliyev digər narahatedici faktı da diqqətə çatdırdı. Keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır - Amerika, Avropa İttifaqı və Ermənistan. Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəldilər. Faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə edildi. Dövlətimizin başçısı onu da qeyd etdi ki, bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi. Ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı. De-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz.
Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Azərbaycan sülh, müharibə səhifəsinin bağlanmasını istəyir. Ancaq görünən budur ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. “Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir” deyən Prezident İlham Əliyev bildirdi ki, o, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir. Azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Azərbaycana qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur.
Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi sülh müqaviləsinin imzalanmasında əsas şərtlərdir. Dövlət başçısı İlham Əliyev bu inamı da ifadə etdi ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik: “Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər”.
Cənab İlham Əliyev Azərbaycanın xarici siyasət uğurlarından da geniş bəhs etdi. Bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində rolunun artmasını, mövqeyinin möhkəmləndiyini əsaslı şəkildə diqqətə çatdırdı. Dövlət başçısı İlham Əliyev COP29 iqlim konfransını Azərbaycanın təqdimatı kimi dəyərləndirdi. Qeyd etdi ki, regionda hələ buna bənzər, bu qədər qonağın iştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Bu, ölkənin təqdimatı idi. Görüşdüyüm və ölkəmizə ilk dəfə səfər edənlərin hamısı gördüklərinin onlarda dərin təəssürat yaratdığını söyləyirdilər.
Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olub. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarına diqqət yetirsək görərik ki, bütün dövrlərdə bu təşkilat Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Ölkəmizin İslam həmrəyliyi ilə bağlı addımları, İslam dininə olan hörmət, dinlərarası münasibətlər, müsəlman ölkələrinin xətti ilə bir çox tədbirlərin, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi təqdir edilir. Azərbaycan bütün beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də daim müsəlman ölkələrinin maraqlarını müdafiə edir.
Bu reallıq beynəlxalq miqyasda da qeyd edilir ki, Azərbaycan sabitləşdirici, birləşdirici aktordur. Ölkəmiz yerləşdiyi çoğrafi məkana uyğun olaraq dövlətləri, xalqları biləşdirir, təşəbbüsçüsü və iştirakçısı olduğu layihələrlə bu rolunu daha da möhkəmləndirir. Azərbaycanın təkcə enerji sektorunda qazandığı uğurlara diqqət yetirsək etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini böyük əminliklə qeyd edə bilərik. Azərbaycan hər zaman dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin qorunmasına və möhkəmləndirilməsinə xüsusi önəm verir. Cənab İlham Əliyev müsahibəsində bir daha bu hədəfi açıqladı ki, biz yeni dünya düzəni prosesinin fəal iştirakçısı olmalıyıq. Sadəcə olaraq, burada yeni nizamın necə olacağını gözləməməliyik. Öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı ədalətli nizam kimi görürük.